Nazirlər Kabineti məşğulluqla bağlı bir sıra normativ aktlara dəyişikliklər etdi

5 Baxış

“Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən məşğul şəxslərə dair məlumatların reyestrə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə uyğun olaraq həmin qanuna əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.

İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur.

Qərarda nəzərdə tutulan əsas dəyişikliklər:

1. Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir;
2. İşaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;
3. “Məşğul şəxslərin reyestri”nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;
4. Məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən əldə olunur;
5. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin inkişafı baxımından, təqdim olunmuş əmlakların istifadə və monitorinq müddəti 2 ildən 1 ilədək azaldılır və daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır;
6. Məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;
7. ƏƏSMN-yi tərəfindən yaradılmış “Məşğul şəxslərin reyestri”nə hazırda kağız daşıyıcılarda təqdim olunması tələb olunan aşağıda qeyd edilən məlumatlar dəyişikliklərdən sonra elektron qaydada müvafiq dövlət informasiya sistemlərindən əldə olunacaq:

– muzdla çalışanlar haqqında məlumatlar (xüsusi rütbəlilər və s.) – məcburi dövlət sosial sığorta haqları üzrə sığorta edənlər tərəfindən təqdim olunan hesabat məlumatları əsasında, İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən;
– kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri – İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;
– ailə kəndli təsərrüfatlarının üzvləri barədə məlumatlar – Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;
– miqrasiya sahəsində məlumatlar – Dövlət Miqrasiya Xidmətinin müvafiq informasiya sistemindən;
– Özünüməşğulluq proqramı üzrə daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır.

Qeyd edilənlərə əsasən İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması, Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi, Məşğul şəxslər barədə məlumatların əldə olunması, İşsiz şəxslərin özünüməşğulluğunun təşkili, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydalarında müvafiq dəyişikliklərin edilməsi zərurətini nəzərə alaraq layihənin hazırlanması və qəbul edilməsi məqsədəuyğun hesab olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.