Ekspert: “Ankara və Bakı ilə münasibətlər İsrail üçün “erməni soyqırımı”nın tanınmasından daha vacibdir”

9 Baxış

ABŞ prezidentinin səsləndirdiyi “erməni soyqırımı” ifadəsindən sonra dünyanın müxtəlif ölkələrində olan erməni lobbisinin iştahı kəskin şəkildə artdı.

Yenidən İsrailin Vaşinqtonun ardınca “soyqırımı” tanıması ehtimalı ilə bağlı söz-söhbətlər başlanıldı.

“The Times of Israel” nəşri isə xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bunu etməyəcəklərini artıq bəyan edib.

Son illərdə İsraildə “erməni soyqırımı” mövzusu getdikcə daha çox gündəmə gətirilir. Niyə bu baş verir?

Caliber.Az-a danışan Ukrayna-İsrail məsələləri üzrə politoloq, Yaxın Şərq üzrə ekspert, Dövlət idarəçiliyi üzrə elmi doktor, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov bu məsələ ətrafında fikirlərini bölüşüb.

– ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini səsləndirəcəyi bəlli olduqdan sonra “The Jerusalem Post” qəzetində bunu təkrar etmək barədə çağırışın olduğu məqalə dərc edildi. Belə məlumatların intensivliyini nəzərə alaraq İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa hazır olduğuna dair hiss yaranır.

– Həqiqətən də bu məsələ İsraildə mütəmadi olaraq gündəmə gətirilir, ancaq bu İsrail-Ermənistan münasibətləri müstəvisində və ermənilərə məhəbbət səbəbi ilə edilmir. Mövzu, Türkiyə-İsrail münasibətləri prizmasından müzakirə olunur. Türkiyə tərəfindən İsrailin maraqlarına uyğun olmayan bir şey (Fələstin, Qəzza zolağı, ticarət, qaz tranziti və sair) baş verən kimi İsraildə dərhal “erməni soyqırımı” xatırladılır. Bəli, İsraildə bu məsələyə təkan verən böyük bir lobbi var, söhbət sol siyasi qüvvələrdən və erməni diasporundan gedir. Bəlkə də bəzi səviyyələrdə “soyqırım”dan danışacaqlar, ancaq İsrailin praqmatizmini nəzərə alaraq, “erməni soyqırımı”nın rəsmi olaraq tanınması olmayacaq, bunu gözləməyə dəyməz.

İsrailə Türkiyə ilə münasibətləri gərginləşdirmək sərfəli deyil. “Erməni soyqırımı”nın tanınması Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərəcək, bunu isə İsraildə istəmirlər. Hərbi-strateji sahədə Bakı ilə tərəfdaşlıq İsrail üçün faydalıdır.

Və başqa bir vacib məqam İsrail ilə dostluq üçün qurulan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasəti sayəsində formalaşan “yeni ərəb birliyi” “soyqırım”ın tanınmasına necə reaksiya göstərəcək.

– Mənim danışdığım ekspertlər əminliklə bildiriblər ki, Baş nazir Binyamin Netanyahu dövründə İsrail “erməni soyqırımı”nı tanımayacaq.

…Bax mən də fikrimi ora gətirirəm. Binyamin Netanyahunun əsla gətməyəcəyi “soyqırım”ın tanınması ətrafındakı oyun məhz İsrailin Baş nazirinə qarşı yönəldilmişdir. Ancaq Netanyahu tarazlığı qorumağa çalışıb və bundan sonra da çalışacaq. “Erməni soyqırımı”nın siyasi müstəvidə tanınmasını gözləməyə dəyməz.

Bəs bu mövzunun indi müzakirəsi niyə intensivləşib? Mən düşünürəm ki, Qarabağ məsələsini hesabdan silmək lazım deyil. Razılaşma, prosesləri öz xeyrinə, yəni Ermənistanın maraqlarına çevirə bilməyən Qərbin iştirakı olmadan baş verdi. Co Bayden administrasiyası indi Rusiyanı və Türkiyəni kənarlaşdırmaq üçün ötən payızdakı müharibədən sonra ortaya çıxan yeni vertikala inteqrasiya etməyə çalışır. Bunun üçün regionda onun siyasətinə bələdçilik edən Ermənistan kimi bir dövlət lazımdır. ABŞ demokratları İrəvanı çoxdan özlərinə müttəfiq seçiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.