“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir – FOTO

12 Baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə kütləvi ağacəkmə aksiyaları uğurla davam edir.

Aprelin 2-də IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Masallı, Yardımlı, Oğuz, Qəbələ, Şəmkir və Bərdə rayonlarında növbəti aksiyaları keçirilib. Aksiyalar zamanı yerli könüllü gənclərin iştirakı ilə hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olmaqla 10 min ədəd müxtəlifcinsli ağaclar əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirmək niyyətindədir.

Marafon müddətində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.


Məlumat oxu.az saytından götürülmüşdür.