Britaniyanın gündəminə düşən həmyerlimizin atası: “Onlar İrlandiyaya səfər zamanı doğulub” – MÜSAHİBƏ + FOTO

6 Baxış

21-25 aprel tarixlərində İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçirildi. Azərbaycan təmsilçiləri bu yarışda medal qazana bilməsə də, yarış bir azərbaycanlı idmançının üzə çıxması ilə yadda qaldı.

Belə ki, Cesika Qədirova adlı gimnast ilk dəfə qatıldığı Avropa çempionatında əvvəlcə çoxnövçülükdə bürünc (Eli Dauninin 2017-ci ildə çoxnövçülükdə qazandığı qızıl medaldan sonra, Böyük Britaniyanın bu hərəkətlərdə nail olduğu ikinci uğurlu nəticədir – S.M.), daha sonra dayaqla tullanmada gümüş medal qazandı.

16 yaşlı Cesika və Cenifer əkiz bacılardı – hər ikisi gimnastika ilə məşğul olurlar. Onlardan Cesika yarışın son gününə damğasını qoydu. O, döşəmə üzərində sərbəst hərəkətlərdə qızıl medal qazanaraq Avropa çempionu oldu. Bununla da Böyük Britaniyanın 2010-cu ildə sərbəst hərəkətlər üzrə Avropa çempionu olmuş Bet Tvidldən sonra bu nailiyyətə bir azərbaycanlı imza atdı. İlk dəfə qatıldığı qitə birinciliyində birdən-birə üç medal qazanması Britaniya mətbuatında bir andaca bu qıza maraq formalaşdırdı.

Oxu.Az olaraq biz də Cesikanın atası Natiq Qədirovu tapıb, ondan müsahibə aldıq:

– Özünüz Azərbaycanda doğulmusunuz?

– Bakıda anadan olmuşam, Azərbaycan vətəndaşıyam. Anası da azərbaycanlıdır. Sadəcə, 2001-ci ildə Böyük Britaniyaya köçmüşük. Altı övladım var. Böyük oğlum Bakıda universitetin son kursunda ali təhsil alır.

– Bəs necə olub ki, qızlarınız 2004-cü ildə Böyük Britaniyada yox, İrlandiyanın paytaxtı Dublində doğulub?

– İşlə əlaqəli ora getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi. Onlar orada doğulduğundan, Böyük Britaniya ilə yanaşı, İrlandiya vətəndaşlığına da malikdirlər.

– Bəs valideynlər olaraq siz nə əcəb vətəndaşlıq almamısınız?

– Biz oturum izni ilə orada yaşayırıq. Azərbaycan vətəndaşlığımız qalır. Bu barədə istəyimiz olsa, bunu əldə etmək olar. Amma hər şeyin mənəvi tərəfi var. Mən öz ölkəmin vətəndaşlığından imtina etmək istəmirəm deyə, Böyük Britaniya vətəndaşı olmaq üçün müraciət etməyə ehtiyac duymamışam.

– Özünüz Böyük Britaniyada hansı şəhərdə qalırsınız və nə işlə məşğulsunuz?

– Londondan 20 mil (32 km) şimalda yerləşən Eylzberi şəhərində yaşayırıq. Transport, logistika, gömrük işləri üzrə kiçik biznes sahibiyəm.

– Azərbaycanda nadir hallarda valideynlər qızlarını gimnastika ilə məşğul olmağa icazə verir. Siz necə oldu ki, qızlarınızı gimnastikaya yazdırdınız?

– Əvvəl üzgüçülüyə başlamışdılar. Altı yaşından gimnastika ilə məşğul oldular. Əkizlərin enerjiləri çox olduğundan bu idman növünə qoyduq. Sonra da anladıq ki, bu qızlar elə idman gimnastikasının tələblərinə cavab verirlər, istedadları bu növdə çıxış etməyə imkan verir. Gimnastika çox çətin idman növüdür. Amma qızların xarakterində əzm var deyə, nəticələri də olur.

– Son yarış barədə fikrinizi də öyrənək. Nə vaxtdan Cesika əsas millidə çıxış etməyə başlayıb?

– Cesikanın 16 yaşı ötən ilin oktyabrın 3-də tamam olub. Gimnastikada yalnız 16 yaşdan etibarən böyük komandaya cəlb olunursan. Ona görə də bu onun ilk Avropa çempionatı idi. Daha əvvəl bacısı ilə birgə Böyük Britaniyanın gənclərdən ibarət komandasının heyətində mübarizə aparırdı. 2019-cu ildə hər iki bacı Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında dünya çempionatında iştirak etmişdi.

Cesika yer tutmasa da, Cenifer orada dayaqla tullanma hərəkətində gümüş medal qazanmışdı (yeri gəlmişkən, Cenifer Qədirovanın bu medalı Böyük Britaniyanın gənclər arasında keçirilən dünya çempionatında qazandığı ilk medal kimi tarixə düşüb – S.M.). Daha sonra pandemiya düşdüyündən, yarışlara qatılmaq imkanı olmadı. Yoxsa bu il Almaniyanın Ştutqart şəhərindəki Dünya Kubokunda da iştirak etməliydilər. Amma Cesikadan fərqli olaraq, Cenifer daha erkən böyüklərdə debüt edib. O, ötən il “American Cup”da dördüncü olub.

– Bəs Cenifer niyə bu yarışda iştirak etmirdi?

– Yarışdan beş gün əvvəl ayağından zədə aldı. Düzdür, ciddi bir şey deyil. Amma yarışı buraxmalı oldu (onu Föbe Yakubçik əvəzləyib – S.M.).

– Pandemiya olmasaydı, Bakıda 4-7 martda idman gimnastikası üzrə Dünya Kuboku keçirilməliydi. Həmin yarışa da qızlarınız qatılmalıydı?

– Bəli. Keçirilsəydi, ilk dəfə qızlarım tarixi ölkəsində çıxış edəcəkdi. Bu mənim üçün də çox qürurverici hal olacaqdı.

– Bəs uşaqlarınız indiyədək Azərbaycanda olub?

– Təəssüf ki, hələ yox. Kiçik olduqlarından, həmişə özümüz gəlib-getmişik. Onları aparmaq istədiyimiz zaman isə pandemiya imkan vermədi. İnşallah, bu yay fikrim var ki, valideynlərimin yanına gedəndə onları da aparım.

– Uşaqların hər iki valideyni azərbaycanlıdır. Əkizlər azərbaycanca bilir?

– Bəzi sözləri başa düşürlər, amma danışmaq çətin məsələdir. Bununla belə, gələcəkdə dil öyrənmək onlar üçün problem olmayacaq.

– Düzdür, Böyük Britaniyada idman gimnastikasının səviyyəsi aşağı deyil. İstənilən halda, Azərbaycandan tarixi vətəni üçün çıxış etmək təklifi gələrsə, seçiminiz nə olar?

– Bu məsələ elə bir şeydir ki, sanki gedən qatardan digərinə tullanırsan. Gələcəkdə bu haqda düşünmək olar. Amma indi bu haqda danışmaq tezdir.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.