MN: “Andiçmə mərasimi xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib”

42 Baxış

Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVİD-19 virusunun yayılmasının qarşısının  alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə  mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.

Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun  və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.  

Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxil olma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.

Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq rayonlardan gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etdikləri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə hərbi qulluqçularla qısamüddətli görüş üçün şərait yaradılıb. 

Bildiririk ki, COVİD19 virusunun yayılmasının qarşısının  alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur. 

Əsgərlərin yaxın ailə üzvləri və qohumlarının bu tədbirlərdə ordu sıralarında COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.


Məlumat oxu.az saytından götürülmüşdür.