Videosu ilə gündəm olan qazi ilə bağlı “Qafqazinfo”dan rəzillik – FOTO və VİDEOFAKT

9 Baxış

“Baku TV”nin efirində yayımlanan və qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin ailəsindən hazırlanan reportaj geniş rezonans yaradıb.

Sözügedən reportajdan sonra “Qafqazinfo” saytı Elnur Əfəndiyevin əslində müharibə iştirakçısı olmadığı, əlilliyinin başqa səbəbdən olması ilə bağlı xəbər yayıb.

İddialara görə, Elnur Əfəndiyev müharibə əlili adından istifadə edərək müxtəlif imtiyazlar əldə edib. Hətta bu iddiaları səsləndirən müəllif Günel Türksoy “Baku TV”ni məlumatları araşdırmadan yaymaqda və cəmiyyətdə yanlış fikir yaratmaqda ittiham edib.

Maraqlıdır ki, kimisə araşdırmadan, dəqiq olmayan informasiya yaymaqda ittiham edən Günel xanım özü də iddialarını, hansısa səbəblərdən rəsmi sənədlər, dövlət qurumlarına verilən sorğuların cavablarına əsasən deyil, bir neçə şəxsin, qeyri-hökumət təşkilatının nümayəndələrinin açıqlaması əsasında qurub. Halbuki, “Qafqazinfo” saytı Müdafiə Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna sorğu verməklə məsələnin tam dəqiqliyi ilə mahiyyətinə vara bilərdi.

Görəsən, Vətən uğrunda gedən döyüşlərdə əlini, ayağını itirmiş bir şəxsin insanlar arasındakı etibarının da itirməsində kim, niyə maraqlı ola bilər ki?

Üstəlik, adətən sosial sferalı xəbərlər yazan və demək olar ki, heç vaxt araşdırma mövzulu yazıları ilə diqqət çəkməyən xəbərin müəllifinin birdən-birə, həm də həftənin şənbə günü hansısa həmkarının hazırladığı reportajı “araşdırması”, səhv çıxarmağa çalışması, həmkarını dəqiqləşdirilməmiş informasiya yaymaqda ittiham etməsi zərurəti nədən yaranıb?

Bəlkə də bu, kiminsə sifarişidir? Əgər elədirsə, görəsən, “Qafqazinfo”nun əməkdaşı kimin sifarişi ilə öz həmkarının əməyini puç etməyə çalışır?

Qeyd edək ki, “Qafqazinfo”nun iddiaları ilə bağlı redaksiyamıza müraciət edən E.Əfəndiyev bildirib ki, haqqında yazılan xəbərlər əsassızdır və heç bir halda həqiqəti əks etdirmir. O qeyd edib ki, Birinci Qarabağ Müharibəsində iştirakı ilə bağlı sənədləri qanunidir və dövlətin bütün arxivlərində hər bir sənədin kökü mövcuddur.

Məsələ ilə bağlı araşdırma apararkən dövlət portalında E.Əfəndiyevin Qarabağ Müharibəsi əlili kimi qeydiyyatda olduğu bəlli olub. Araşdırmalarımız onu göstərib ki, sözügedən şəxsin qazi olması haqqında heç bir şübhə yoxdur və müxtəlif şəxslər tərəfindən haqqında səsləndirilən iddialar tamamilə əsassızdır.

Həmin araşdırma prosesi ilə bağlı videonu nəzərinizə çatdırırıq:


Məlumat oxu.az saytından götürülmüşdür.