Ceyhandan Azərbaycan nefti ilə yüklənmiş 4,5 mindən artıq tanker göndərilib

10 Baxış

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin üçüncü rübünün sonunadək ümumilikdə 469 milyon tondan (3,52 milyard barel) artıq xam neft nəql edilib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, nəql edilən neft Ceyhanda 4 min 595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində BTC vasitəsilə təqribən 21,4 milyon ton və ya 162 milyon bareldən artıq xam neft və kondensat nəql olunub. Daha sonra neft Ceyhanda 214 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Müvafiq dövr ərzində Bakı-Tbilisi-Ceyhan üzrə əməliyyat xərcləri təqribən 67 milyon dollar, əsaslı xərclər isə 20 milyon dollar təşkil edib.

Qeyd edək ki, BTC boru kəməri əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.