Azərbaycanda bahalaşan məhsulların siyahısı AÇIQLANIB – FOTO

19 Baxış

2021-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, illik müqayisədə ölkədə istehlak səbətinə daxil olan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 5,1 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 4,1 faiz, ödənişli xidmətlərin dəyəri isə 3,9 faiz artıb.

Təkcə iyul ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, 2020-ci ilin iyul ayına nisbətən 106,4 faiz təşkil edib.

Cari ayda əvvəlki aya nisbətən ərzaq məhsullarından qarabaşaq yarması, peçenye, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, təzə və dondurulmuş balıq, qatılaşdırılmış şəkərli süd, xama, kəsmik, günəbaxan və qarğıdalı yağları, albalı, gilas, kələm, xiyar, pomidor, çuğundur, yerkökü, şəkər və şəkər tozu, çay, kola içkisi, araq və pivə bahalaşıb.

Yumurta, banan, alma, armud, şaftalı, qarpız, yemiş, üzüm, bibər, badımcan, kartof, soğan və sarımsağın qiyməti isə azalıb.

İyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,2 faiz, 2020-ci ilin iyul ayına nisbətən 104,8 faiz təşkil edib.

Qeyri-ərzaq məhsullarından parçalar, yağlı boyalar, polietilen su və kanalizasiya boruları, kəsilmiş taxtalar, sement, kərpic, mebellər, paltaryuyan maşınlar, televizorlar, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, zərgərlik məmulatları bahalaşıb, yazı kağızlarının qiyməti isə ucuzlaşıb.

2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil edib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.