Azəri Mərkəzi Şərqi layihəsi üzrə mühəndis-layihələndirmə işləri başa çatıb

6 Baxış

Azəri Mərkəzi Şərqi (ACE) layihəsi üzrə müfəssəl mühəndis-layihələndirmə işləri rübün sonunda başa çatıb.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, iri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəlilənib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb.

Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam edib, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləyib. Yaşayış modulları İsveçdən yola salınmışdır və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam edib.

Rüb ərzində həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olub. Bunlara lay sularının idarə olunması ilə bağlı Mərkəzi Azəri platformasında aparılan işlər və Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə 2021-ci ilin ikinci rübündə başlanması üçün hazırlıqlar daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanıb və planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.