Azərbaycan ABŞ-a məhsul ixracını üç dəfə artırdı – TOP 5 + FOTO

12 Baxış

2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dollarını təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Sektorun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1 faiz olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

Müvafiq dövrdə Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ-a 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Belə ki, meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon, heyvan mənşəli piylər və yağların ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45 faizini təşkil edir. 


Məlumat oxu.az saytından götürülmüşdür.