SOCAR Türkiyənin təyyarə yanacağı bazarındakı hədəflərini açıqladı – ÖZƏL

16 Baxış

“SOCAR Aviation” 2021-ci ildə Türkiyə təyyarə yanacağı bazarında 13 faiz paya sahib olacaq. 

Qurumdan Oxu.Az-ın sorğusuna əsasən verilən məlumata görə, 2021-ci ildə ümumilikdə 50 min təyyarəyə yanacaq verilməsi planlaşdırılır.

Məlumatda qeyd edilir ki, cari ildən etibarən “SOCAR Aviation” Türkiyənin ən böyük 10 hava limanında xidmət göstərir. Hazırda onun Türkiyədəki fəaliyyəti İstanbul, Sabiha Gökçen, Ankara, Antalya, İzmir, Dalaman, Bodrum, Trabzon, Samsun, Adana hava limanlarını əhatə edir.  

“Avropanın ən tez böyüyən təyyarə yanacağı bazarı özəlliyinə malik Türkiyədə satış şəbəkəsini genişləndirmək və “SOCAR Aviation” olaraq daha çox hava limanına və hava yolu müştərilərinə yanacaq çatdırmaq əsas hədəfimizdir”, – deyə şirkətdən bildirilib.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında “SOCAR Aviation Bodrum Milas” və 2020-ci ilin dekabr ayında isə “SOCAR Aviation İzmir Adnan Menderes” hava limanı təchizatı təsisləri istifadəyə verilib.

Qeyd olunur ki, bu iki müəssisə SOCAR tərəfindən idarə olunan ilk aviasiya obyektləridir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.