Ermənilərə od qoyan “hədiyyə”: Rusiyadan alınan raket öz mövqelərinə düşüb – VİDEO

8 Baxış

Ermənistana vaxtilə Rusiya tərəfindən hədiyyə olunan müxtəlif təyinatlı silah və texnikanın aqibətini 44 günlük müharibə zamanı bütün dünya gördü. “Qüdrətli” erməni ordusunun texnikası ya döyüş meydanında kül oldu, ya da Bakıdakı Hərbi Qənimətlər Parkında eksponata çevrildi.

Müharibəyə qədərki dövrdə ermənilər Rusiyadan “pulsuz” silah almağın, Rusiya isə bu “hədiyyə” sayəsində Ermənistanı öz köləsinə çevirməyin eyforiyasına qapılmışdı. Ermənilər fəxrlə öz “yenilməz” ordularından bəhs edir, Rusiyanın ünvanına mədhiyyələr oxuyurdular.

Bu “möhtəşəm” əməkdaşlığın əsl mahiyyəti isə müharibə və ondan sonrakı dövrdə ortaya çıxdı. Ermənilər aləmə car çəkdilər ki, “Rusiya bizə yararsız texnikanı satıb”, “biz aldadılmışıq” və s.

İndi isə onlar hətta bu haraylarına əyani sübut da ortaya çıxarıblar. Xankəndidə yaşayan David Simonyan adlı erməni müharibə dövründə çəkilmiş kadrları ortaya qoyub. Görüntülərdə rəzil ordunun iki raket buraxılışı əksini tapıb. Ermənilərin ordumuza tuşladığı raketlər havaya qalxsa da, heç uçaraq müəyyən məsafəni qət edə də bilməyib. Havada trayektoriyasını dəyişərək erməni mövqelərinə yaxın ərazidə yerə çırpılıb. Videoda müşahidə olunmasa da, raketlərin erməni mövqeləri yaxınlığına düşdüyü zaman hər hansı dağıntı və tələfata səbəb olması da istisna deyil.

Videonu paylaşan David Simonyan özü də bilmədən öz xalqı üçün acınacaqlı məqamın üstünü açıb. Təsəvvür edin, illərlə arxalandığın, qürrələndiyin bir məqamım gün gəlir ki, bir heç olduğunu anlayırsan. Üstəlik sən bu müddət ərzində hər şeyini itirmisən, qula, ən adi köləyə çevrilmisən.

Ermənilər də məhz bu görüntülərdən sonra yəqin ki, hər şeyi yaxşı anlayıblar. Bir zamanlar ucuz, hətta “pulsuz” ətin şorbasını bəh-bəhlə yeyən ermənilər, indi bunun əvəzində bəlkə də qan qusacaqlar. Çünki belə bir reallıq da var ki, Rusiya peşkəş verdiyi silahlardan 10, bəlkə də 100 dəfə çoxunu Ermənistana kredit ayırmaqla satıb. Kiçik bir hissəsi mətbuatda işıqlandırılan həmin o kreditlərin aqibəti isə hələ də sirr olaraq qalır. Hər halda kasıb, cılız Ermənistanın isə bu cür pulları artıq ödədiyini düşünmək sadəlövhlük olar.

Üstəlik indi ortada həmin silahlar da yoxdur. Hamısını müzəffər ordumuz məhv edib. Lakin ortada Rusiyaya ödənilməli pullar, kreditlər var. Ermənilər üçün ən ağrılı olan da budur. Bu gün zaman-zaman ortaya çıxıb xalqı ovutmaq üçün bəyanat verən ermənilər ağızdolusu yeni və “qüdrətli” ordu yaradılmasından dəm vura bilərlər. Reallıqda isə Ermənistan hələ uzun illər artıq məhv edilmiş, külə çevrilmiş texnikanın pulunu ödəməli olacaq. Ən maraqlısı isə bundan sonra da Ermənistan silah üçün Rusiyaya üz tutacaq. Daha çox borc daha çox yalvarışa, daha çox yalvarış isə qeyd-şərtsiz köləliyə səbəb olacaq.

Müharibə hər hansı hərbi texnika və ya avadanlığın “reklamı” üçün uğurlu bir vasitə sayıla bilər. Lakin əminliklə deyə bilərik ki, 44 günlük müharibədə Rusiya istehsalı texnikalar sınaqdan keçə bilmədi. Yararsız, sınıq-salxaq texnikaları qoyaq bir kənara, heç saz vəziyyətdə olan hərbi texnika da Azərbaycan ordusunun qarşısında aciz duruma düşdü.

Təqdim olunan video onu sübut edir ki, Ermənistana verilən “hədiyyə”lər onların bəlasına çevrildi. Hədiyyəni verən tərəf isə özünün ən uğursuz “reklamı”na imza atdı.


Məlumat oxu.az saytından götürülmüşdür.