Şəmkirdə evə basqın: Quldurlar ev sahibini döyüb, cibindəki altı manatı götürdülər – FOTO

37 Baxış

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyini məlum edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşadığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunun bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Salman Mustafayev tanışları – Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu – Eynur Mustafayev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə üç müxtəlif avtomobil ilə Seyfəli kəndinə gəliblər.

Salman və Eynur Mustafayevlər evin kənarında gözətçilik edib, Nizami Əhmədzadə və Rasim Süleymanov evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb, sonuncuya müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb edib, heç nə tapmadıqda isə ev sahibinin cibindəki altı manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.

Bundan başqa quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən bir ədəd istifadəyə yararlı TT markalı tapança, həmin tapançaya məxsus bir ədəd sandıqca və doqquz ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb. 

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.