Tətbiq edilən ilk “Ağıllı kənd” layihəsinin icrası necə gedir? – VİDEO

12 Baxış

Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi Zəngilanda tətbiq olunur. Hazırda “ağıllı kənd”də tikinti işləri sürətlə davam etdirilir.

Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası beş komponent üzrə aparılacaq.

Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi həyata keçirilir.

Bu evlərdən 160-ı birmərtəbəli, 40-ı isə ikimərtəbəli olacaq. Tikinti işlərinə xeyli sayda işçi qüvvəsi cəlb edilib.

Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Bütövlükdə, Qarabağ bölgəsində həyata keçirilən yeni layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq. Zəngilan rayonu ilə yanaşı, düşmən tapdağından azad edilən digər ərazilərdə də bərpa və yenidənqurma işləri ən müasir standartlara uyğun olaraq yüksək səviyyədə həyata keçirilir.

Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimiz yenidən həyata qayıdır və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.