Bir qadının təşəbbüsü ilə bütün qəsəbəyə yayılan sənət: 10 min manat dəyəri olan xalçalar – REPORTAJ + FOTO

12 Baxış

1959-cu ildə Gülgəz Seyfalıyeva adlı bir xanımın Qalacıq kəndindən Lahıca gəlin köçməsi ilə qəsəbədə xalçaçılıq sənətinin əsası qoyulur. Gülgəz xanım 1965-ci ildən məşğul olduğu bu sənəti yaymaq üçün liderliyini nümayiş etdirərək Lahıcda olan qadınlara da öz sənətini öyrətməyə başlayır.

Lahıcda xalçaçılıq sənətinin tarixini öyrənərkən bizə bildirirlər ki, əvvəllər xalçaçılıq qəsəbədə dəmirçilik və misgərlik kimi mövcud olmayıb. Sırf bu təsadüf nəticəsində Lahıcda xalçaçılıq sənəti inkişaf etdirilməyə başlayıb. Artıq 1960-cı illərin sonlarından etibarən qəsəbədə xalça sexi açılıb. O dövrlərdə xalça sexində 200-dən çox xanım fəaliyyət göstərib. Hazırda isə yalnız bəzi evlərdə xalçaçılıq ənənəsi hələ də davam etdirilir.

Əl ilə toxunduğuna görə bütün xalçaların keyfiyyəti çox yüksək olur. Xalçanın iplikləri isə xalçaçılar tərəfindən təbii bitki boyaları ilə rənglənir. Bu xalçalarda zavod istehsalı olan rənglərdən istifadə edilmir. Beləliklə xalça yuyulanda rəngi qarışmır. Sırf bu cəhətdən xaricə satışların həcmi çox olur.

Lahıcın xalçaları dünyanın bir çox ölkələrində sərgilərdə nümayiş etdirilir. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində Lahıcdan minimum iki sənət növü iştirak edir. Onlardan biri misgərlik nümunəsidirsə, digəri xalçaçılıq sənətidir.

Hazırda Lahıcda xalçaçılıqla məşğul olan Sülhiyyə Əliyeva bu sahədə sərf etdikləri vaxt və xalçaların dəyəri barədə bizə məlumat verir. Onun sözlərinə görə, ən kiçik xalça beş gündən tez ərsəyə gəlmir:

“Əgər bir qız səhərdən axşama qədər ilmə vursa, ən kiçik xalça 5 günə qurtarır. Bu xalçanı 50 manata sata bilirik. Gördüyünüz kimi üzərində səkkiz guşəli ulduz təsvir olunub. Həmçinin, burada sülh və azadlıq rəmzi olan göyərçin quşunu da görə bilərsiniz”.

Mağazada olduğumuz müddətdə hazırda ən bahalı xalçanın hansı olduğunu soruşduq. Sülhiyyə xanım bildirdi ki, hazırda ən bahalı xalçanın qiyməti 1500 manatdır, onun eni 180 santimetr, uzunluğu 230 santimetrdir. Belə ki, həmin xalçanı dörd qız bir ilə toxuyub bitirib.

Sülhiyyə xanım deyir ki, bu sənət onlara nəsildən gəlir, özü isə 7 yaşından sərbəst şəkildə ilmələyir. Burada artıq 5-6 yaşlarından qızlar ilmə vurmağı öyrənir:

“Biz istəyirik ki, gənc nəsil də bu sənətə yiyələnsin. İndi əvvəlki kimi maraq yoxdur bu sənətə. Xalçaçılıq yaxşı sənətdir. Bir xalçanı toxuyub bitirəndə elə bil dünya yaradırıq. Çalışırıq ki, bu sənəti yaşadaq. Bura həmişə turistlər gəlir. Doğrudur, pandemiyada sayları azalıb, amma yenə də bura maraq görürük. Daha çox Qarabağ, Quba, Lətif Kərimov çeşnilərini toxuyuruq. Qarabağ çeşniləri həm həndəsidir, həm nəbatidir. Toxuduğumuz çeşnilərin əksəriyyəti Azərbaycanındır”.

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev bildirir ki, hazırda fəaliyyət göstərən mağazadan turistlərə 10 400 manat dəyəri olan xalça satılıb. Xalçanın xüsusiyyətləri barədə də məlumat verən qoruğun direktoru deyir ki, bu xalçaya müxtəlif aspektlərdən baxdıqda üç fərqli rəng spektri müşahidə etmək olur:

“Bu ipək xalça idi və bilirsiniz ki, ölçüsündən asılı olmayaraq, ipək xalçaları ovucun içi qədər büküb, əl boyda etmək olur. Yəni o qədər yumşaqdır. Xalça var ki, hansı tərəfdən baxırsan bax eyni naxış və cizgiləri görürsən. Lakin bu xalçanın xofu dəyişən zaman üç fərqli rəng görmək mümkündür”.

Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev


Məlumat oxu.az saytından götürülmüşdür.