“COVID-19”un spesifik müalicəsi yoxdur” – Həkimdən AÇIQLAMA

16 Baxış

“Son günlər ölkəmizdə koronavirusa yoluxmanın artması və ölüm hallarının çoxalmasını müşahidə edirik. Buna səbəb son aylarda xəstə sayının azalması və karantin qaydalarının yumşaldılması oldu. Daha açıq desək, insanlarda arxayınlıq yarandı”.

Bunu Lent.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Süleyman Kamilov bildirib.

Həkimin sözlərinə görə, vəziyyətin bu həddə çatmasında insanlarda arxayınlığın yaranması səbəb olub:

“Məsafənin qorunması, gigiyenik qaydalara riayət etmək və qapalı məkanlarda maskadan istifadə məsələləri unuduldu. Açıq havada maskadan istifadənin ləğv olunması ilə insanlar qapalı məkanlarda da maskadan imtina etdilər. İnsanların bir yerə toplanması, mərasimlərdə iştirak etməsi və bu kimi məsuliyyətsiz davranışlar bugünki gündə yoluxma sayında artıma gətirib çıxardı”.

Süleyman Kamilov  bildirib ki, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır:

“Bütün bunlarla yanaşı insanlar hələ də peyvənd olunmağa laqeyd yanaşırlar. Onun qoruyuculuq gücünə inanmayanlar var. Amma unudurlar ki, “COVID-19” un spesifik müalicəsi yoxdur. Etməli olduğumuz tək şey peyvənd vurdurmaqdır. Buradan vətəndaşlara səslənirəm ki, qoruyucu tədbirlərə ciddi riayət edilməsə, yoluxma saylarının kəskin artması davam edəcək. Çünki “Delta” ştammı sürətlə yayılır. Hər iki dozanı vurduran şəxslər belə qapalı məkanlarda mütləq şəkildə maska taxmalıdırlar”.


Məlumat oxu.az saytından götürülmüşdür.