Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi anılıb – FOTO

8 Baxış

Murovdağın zirvəsində əbədiyyətə qovuşan şəhid kapitan Həmidağa Hüseynzadənin xatirəsi ehtiramla anılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin və Yasamal Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, o cümlədən Vətən müharibəsi iştirakçıları və qaziləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Ailəyə şəhidin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı təqdim edilib.

Şəhidin məzarı önünə çələng və güllər düzülüb, ruhuna dualar oxunub və kapitan H.Hüseynzadənin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə mərasimi keçirilib.

Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Qeyd edək ki, H.Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib.

O, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.