Regionlarda 65 kiloqramdan çox narkotik bitki aşkarlandı – FOTO

13 Baxış

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu Yuxarı Qarxun kənd sakini Vüqar Həsənli saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinə keçirilən baxış zamanı yaş çəkisi 52 kiloqrama yaxın olan kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ramal İsayev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə dörd büküm narkotik maddə – heroin aşkarlanıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb.

Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktlarla bağlı rayon polis şöbələrində araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.