Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər kompensasiya alacaq

15 Baxış

Ermənistanın hərbi təcavüzü nəticəsində aqrar sektora dəymiş zərərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb.

APA TV xəbər verir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb. Həmin dövrdə tərtərli fermerlər ən çox ziyan dəymiş təsərrüfat sahibləridir.

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Qeyd edək ki, zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.