Vergi Xidməti: “Sənədsiz əməliyyatların qanun çərçivəsinə salınması zəruridir” – FOTO

20 Baxış

Metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər şəxsləri iştirak edib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi orqanları tərəfindən uçotun dürüstləşdirilməsi, biznes sahələrinin fəaliyyətində şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə yönəlmiş fəaliyyət prinsipləri yalnız vergi orqanlarının deyil, vergi ödəyicilərinin fəaliyyətini də əhatə edir.

Xidmət rəisi qeyd edib ki, vergi orqanları metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini təhlil edib və bu sahədə bir sıra nöqsanların olduğu müəyyən olunub. Digər sahələrdə olduğu kimi, metal məmulatlarının qəbulu sahəsində sənədsiz əməliyyatlar və sahibkarlıq subyektlərində qanunvericiliyə əməl edilməsi ilə bağlı kənarlaşmalar müşahidə olunur. Bu sahədə əməliyyatların qanun çərçivəsinə salınması zəruridir.


Məlumat oxu.az saytından götürülmüşdür.