Türkiyəli nazirlər Azərbaycanın yanğınlarla mübarizədə dəstəyini xüsusi qeyd ediblər

15 Baxış

Muğladakı “Böhran mərkəzi”ndə keçirilən ənənəvi mətbuat konfransından sonra Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli, eləcə də nəqliyyat və texnologiya naziri Adil Qaraismailoğlu azərbaycanlı jurnalistlərə yaxınlaşaraq ölkəmizin yanğınlarla mübarizəsindəki dəstəyini xüsusi olaraq qeyd edərək, xoş sözlər söyləyiblər.

Media təmsilçiləri arasında Baku TV-nin əməkdaşı da olub.

B.Pakdəmirli Azərbaycanın 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox texnika ilə yardıma gəlməsilə hər bir Türkiyə vətəndaşını qürurlandırdığını bildirib.

“Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük. Azərbaycanlı yanğınsöndürənlər Türkiyədəki meşə yanğınlarının ilk günlərindən etibarən bizimlə çiyin-çiyinə çalışdı, onların fədakarlıqlarını gözlərinin içindən oxudum. Hansı tapşırıq verildisə, canla-başla yerinə yetirdilər, “Biz oturmağa yox, sizə yardım etməyə gəlmişik” dedilər. Hər iki ölkə liderinin də dediyi kimi, biz tək millət, iki dövlətik”, – deyə nazir bəyan edib.

A. Qaraismailoğlu isə çətin günlərdə qardaş Azərbaycandan gələn yardımların onlara çox böyük motivasiya verdiyini deyib.

“Bildiyiniz kimi, günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”, – deyə nazir qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.