Turizm Agentliyinin sədri: “Hotellərin qiymətləri Azərbaycanda yüksək deyil”

12 Baxış

“Qarabağın potensialı çox zəngindir, hazırda burada kompleks işlər görülür. Ərazidə infrastruktur qurulduqdan sonra hotellər tikiləcək və elementar obyektlər qurulacaq ki, insanları bura gətirmək mümkün olsun”.

Bunu Oxu.Az-a Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Lahıc” Dövlət Tarix – Mədəniyyət Qoruğuna təşkil edilən mediatur çərçivəsində deyib.

O bildirib ki, ermənilər bu ərazilərdə heç bir iş görməyiblər, sadəcə dağıdıblar:

“Şuşa çox gözəldir. Orada əgər bərpa prosesi olacaqsa, ərazidən necə istifadə ediləcəyini müəyyənləşdirməliyik. Gələcəkdə Qarabağda turizm obyektləri qurulacaqsa, bura sahibkarlar da cəlb olunacaq. Dövlət bütün işləri üzərinə götürə bilməz. Prezidentin tapşırığı ilə Füzulidə aeroport yaxın vaxtlarda hazır olacaq. Bu, turizm üçün daha böyük imkanlar yaradacaq”.

Agentliyin sədri biletlərin qiymətinin yaxın gələcəkdə optimallaşdırılması məsələsinə də toxunub:

“Dövlət Turizm Agentliyi biletlərin qiymətlərinin formalaşdırılması ilə bağlı AZAL-la təmasdadı. Biz qiymətlərlə bağlı təklifləri yazıb göndəririk. Təbii ki, rəqabətin olması üçün biz çalışmalıyıq ki, başqa ölkələrin də aviaşirkətlərini ölkəyə cəlb edək. Dövlət Turizm Agentliyi olaraq bu məsələdə maraqlıyıq.

Turistlər ən çox biletin qiyməti və viza məsələlərinə diqqət edir. Hotellərin qiymətləri isə Azərbaycanda yüksək deyil. Parlamentin payız sessiyasında “Turizm haqqında” qanun müzakirə ediləcək. Burada bir çox məsələ gündəmə gətiriləcək. Yeni qanunda bütün turizm sahəsini əhatə edəcək, Azərbaycana turist gətirəcək, ölkəyə xeyir verəcək şirkətlərə subsidiyaların verilməsi məsələsi də əks olunacaq. Bunun üzərində işləyirik. Planlarımız çox böyükdür. Pandemiya planlarımızı gecikdirdi, lakin 2024-cü ildən artıq pandemiyadan əvvəlki rəqəmlərə qayıda biləcəyimizi proqnozlaşdırırıq”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.