Bakıda ət dükanındakı iyrənc mənzərə ilə bağlı sahibkarlar məsuliyyətə cəlb edildi – RƏSMİ + VİDEO

13 Baxış

Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən ət kəsimi məntəqəsində siçanların olması ilə bağlı məlumat vermişdik. 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmanın nəticəsi bəlli olub. 

AQTA-nın Oxu.Az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, Xətai rayonu, Gəncə prospekti ilə Xudu Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Qafarov Rasim Hüseyn oğlu və Səfərov Yasin Yaşar oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib:

“Yoxlama zamanı müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə baytarlıq nəzarətindən keçirilməyən xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirildiyi, iribuynuzlu heyvan ətlərinin müşayiətedici baytarlıq sənədlərinin mövcud olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və sanitar geyimlə təmin edilmədiyi müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir. Eyni zamanda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.


Məlumat oxu.az saytından götürülmüşdür.