Azərbaycandan yola çıxan yanğınsöndürən maşınların “sirena”sı Türkiyədə sanki “Mehter marşı” kimi səsləndi

11 Baxış

Kubra Məhərrəmova yazır…

Xüsusi səslər var ki, onları eşidəndə bilirik ki, nəsə təhlükə var. Məsələn xüsusi nəqliyyat vasitələrinin “sirena” səsi. Əgər bu nəqliyyat vasitələrinin “sirena”nı işə düşdüsə, deməli haradasa can gedir. Ya xəstə var, ya qəza olub, ya da yanğın. Deməli faciə yaşanır. 

İnsanlarımız da yolda, küçədə bu səsləri eşidəndə ən azı “Allah uzaq eləsin” deyə dua edirlər.  

Amma bu dəfə Azərbaycandan Türkiyəyə yola çıxan yanğınsöndürən maşınların “sirena”sı Türkiyədə sanki “Mehter marşı” kimi səsləndi.  Döyüşə hazır olan ordunun marşı kimi. Bu dəfə “sirena” səsi qorxu, həyəcan deyil, ümid, xilas anlamını verdi. İndi də bu videolara baxanda adi vətəndaşların Azərbaycandan köməyə gəlmiş qardaşlarına necə güvəndiklərini görürük. Necə bir-birinə sarılıb, yardım etdiklərini görürük. 

Yol boyu Azərbaycandan Türkiyəyə yola düşmüş FHN-nin yanğın-xilasetmə qüvvələrinin alqışlanmasını görürük. Sanki yanğın acısı unudulur, qardaşın gəlməsi, qardaşın güvəni, sevgisi bütün dərdləri üstələyir. 

Yerli əhali də əlindən gələn dəstəyi göstərir yanğınla mübarizəyə gəlmiş qardaşları üçün. Kimisi yemək, su gətirir, kimisi könüllü olaraq yanğının söndürülməsində dəstək olur.  

Bəzən düşünürəm ki, özümüz kimisi yoxdur. Özümüz deyərkən həm Türkiyə türklərini, həm də özümüzü nəzərdə tuturam. Allah göstərməsin birimizin başına bir iş gəlsə digəri mütləq şəkildə köməyə gəlir. 

Lakin bu birliyin fonunda ürəyimizi bulandıran kəslər də az deyil. Bütün bu cəfakeşliyə, dəstəyə bir kölgə atmaq istədilər. Amma alınmadı. Çünki bu sıradan siyasət üzərində qurulan münasibət deyil. Bu, bir qan qardaşlığıdır. Bu, bir can qardaşlığıdır. Qan isə su deyil. Qan isə unutmur, nə keçmişi, nə də gələcəyi. 

Son illər Türkiyəyə təhsil almağa gedən xeyli sayda gənclərimiz var. Və hər il bu say çoxalır. Hətta Bakıda rus bölməsində təhsil alıb, Türkiyədə türk dilində təhsil alan gənclərimiz var. Buna çox sevinirəm. Çünki ilk növbədə bizim gənclər yeni mühitlə tanış olurlar. Sovet təhsil sisteminin bizə miras qoyub getdiyi steriotiplərdən çıxırlar. Türkiyənin dövlət və ya özəl ali məktəblərində doğru-düzgün savad alırlarsa, yəni oxuyub peşəkar olurlarsa, o diplomlarla dünyanın aparıcı universitetlərində təhsillərini davam edə bilirlər. 

ODTÜ, Ankara, Qazi, Ege, İstanbul universitetləri dünyanın prestijli ali məktəblərindən hesab olunur. 

Bundan başqa bizim gənclər Türkiyədə təhsil aldıqları zaman öz qardaşlarıyla daha sıx təmasda olur, bir-birinin adət-ənənəsini, mental düşüncəsini daha yaxından öyrənir. Həm də tələbəlik illərində yaranan dostluqlar bilirik ki, bir ömür davam edir. Sevindirici məqamlardan biri də təhsil dalınca Türkiyəyə üz tutan gənclərimizin müəyyən hissəsinin orada ailə qurub, qalmasıdır. Onlardan törənən övladlar isə aramızda olan bağları daha da möhkəmləndirir. 

Düşünürəm ki, 70 il ərzində itirdiyimiz, daha doğrusu zorla, məcbur edilərək kəsilib atılan bağları qısa zaman ərzində bərpa edə bilmişik. Heç nə yox, bizim yanğınsöndürən gənclərin qırmızı, ay-ulduzlu bayraqları yanğından çıxardaraq “Türkün bayrağıdır, qoymarıq yana!” deməsi bütün sözlərdən, bütün əməllərdən əlahiddə bir addımdır. FHN-nin yanğın-xilasetmə qüvvələrinin necə fədakarcasına yanğınla mübarizə etməsi bütün Türkiyədə dastan oldu. Bu uşaqların canla-başla işlərini necə görmələri bütün medialarda tirajlandı. 

Bunu adama zorla etdirmək mümkündürmü? Qətiyyən! Bu sevgi, bu sayğı mütləq içdən, könüldən gəlməlidir. Çünki bu qədər saf sevgi ancaq belə ifadə oluna bilərdi. 

Can qardaşımız, Türkiyənin tezliklə bu bəladan qurtulmasını diləyirəm. Yanğınlar da bitəcək, ormanlar da yenidən bərpa olacaq. Evlər də yenidən tikiləcək, insanlar da yenə öz yurdlarına qayıdacaqlar. 

Ən əsası bu sınaqdan alnı-açıq, üzü ağ çıxdığımız üçün qürurluyam. Qardaşının yanında həm sözdə, həm də əməldə olduğu üçün qürurluyam. Biz həqiqətən də iki dövlət, bir millətik! Əbədiyyən, qiyamət gününə qədər bir olaq!


Məlumat oxu.az saytından götürülmüşdür.