SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi – FOTO

6 Baxış

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib.

“SOCAR Capital” MMC-dən Oxu.Az-a verilən məlumata görə, nominal qiyməti 1 000 dollar, tədavül müddəti beş il, illik gəlirliliyi 5 faiz olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Beş ilə yaxındır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR İstiqrazları 2021-ci ilin üçüncü, ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1.25 milyon dollar gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 23 milyon 750 min dollara yüksəlib (toplam gəlir 25 milyon dollar olacaq.)

Təkrar bazar əməliyyatları həcminin 200 milyon dolları ötməsi, bağlanan əqd sayının 2 500-ə çatması və “Bakı Fond Birjası” QSC-də ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları, 2021-ci ilin ilk yarısında bağlanan əqdlərin sayına görə ölkənin korporativ istiqraz bazarında 73 faizlik paya sahib olub.

SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.