Dünyanın işinə bax da, o boyda rusun əsgəri erməni üçün “zoluşka” olub

7 Baxış

Kubra Məhərrəmli yazır … 

Gündəmdə iki məsələ var. Birinci məsələ odur ki, hər gün hansısa şadlıq sarayı cərimə olunur. Toyların keçirilməsi barədə yeni qərarlar imzalanır. (toy barədə qərar 1 dəfə imzalanıb) Maskanı yeyəndə çıxarın, rəqs edəndə taxın, sağlıq deyəndə ayağa qalxsanız taxın, otursanız çıxarın və s. kimi bütün detallar incəliyinə qədər tətbiq edilməsi tələb olunur. Ümidliyəm ki, bu qaydalar yüz il sonra milli toy ənənəsi kimi yaşamayacaq, tarixin qaranlıq səhifəsində unudulacaq (unudulub gedəcək). İkiqat ümidliyəm ki, avqustun 10-na kimi toyları “bağlamazlar”. İki ildir qaçaq yolla toy edən xalq heç olmasa indi ürəyincə qol qaldırıb rəqs eləsin. Üzündə maska olsa belə. Məhərrəmlikdən sonra da Allah kərimdir, görək başımıza nə gəlir?

ÜST isə az qala hər üç aydan bir yeni ştammın təqdimat mərasimini keçirir. Hələ ki, ən son model ştamm “Delta”dır. Simptomlarına görə hamiləliyi xatırladır. Bu dəfə camaat iki dəfə xərcə düşəcək. Həm COVID-19 testi üçün, həm də hamiləlik testi üçün. Çünki toylar çoxalıb, diaqnoz qarışa bilər. Əvvəl ştammlara ölkə adları verilirdisə, indi keçiblər hərflərə. Əlifbanın bütün hərfləri bu prosesdə iştirak edəcəksə, o zaman omegaya hələ çox var. Ya əlifba bitəcək, ya da biz. 

İranın öz vaksini var. Hal-hazırda İranda koronavirusla bağlı vəziyyət çox tragikomikdir. Xamneyi bildirib ki, ABŞ və Britaniya istehsalı olan vaksinlər İranda qadağandır. Özümüz vaksin hazırlayıb, özümüzə vuracağıq. Vaksinin adı da “COV-İran Bərəkət”dir. Rəhmətliyin oğlu elə bil kolbasa satır. Əhali də bu “bərəkət”li vaksinə inanmır. Çalışırlar ki, “qara bazardan” vaksin alıb vurdursunlar. Mediada gəzən məlumata görə, İranda “Pfizer” vaksini bizim pulla təxminən 32 min manat, “Sputnik-V” isə 16 200 manata təklif olunur. İraqdan qaçaqmalçılıq yolu ilə gətirilən “Pfizer”in bir dozası isə 2 600 dollara satılır. Heç bir sanksiya qarşısında diz çökməyən İranı deyəsən “Delta” beli üstə qoyacaq. Görünən odur ki, qüdrətli və tərifli İran tibbi koronavirusla baş apara bilmir. Qaldı dua eləmək, bir də otlardan çay dəmləyib içmək. Deyirlər xeyri var. 

İranın qapı qonşusu Ermənistanda isə vəziyyət daha maraqlıdır. Ermənilər ümumiyyətlə vaksin vurmaqdan qaçırlar. Düşünürlər ki, vaksin vursalar buynuzları çıxacaq. Maraqlıdır ki, dünyanın “ən ağıllı, ən qədim, ən zəki, ən savadlı xalqı” niyə özü vaksin yaratmayıb? Axı bütün dünyaya, bütün ilkləri bəxş edən xalq niyə Yer kürəsini COVID-19 bəlasından xilas etmir? Yəqin başları daha böyük layihələrə, elmi kəşflərə qarışıb. Mane olmayaq. Mən isə “Delta”dan İrəvan üçün xüsusi performans gözləyirəm. Ermənistanın böyrü üstə qalan səhiyyə sisteminin çökməsini gözləyirəm. Finalın da möhtəşəm olacağına inanıram. Bu halda “Delta”nı ayaq üstə alqışlayacağam. Əks halda “Delta”nın texniki problemlərinin olması barədə ÜST-ə şikayət edəcəyəm. Aparıb, düzəltsinlər.

İndi isə gündəmin ikinci məsələsi. Rus hərbi kontingenti. Məşhur “Hicran” tamaşasında deyildiyi kimi:  “mənim işim əsas üç hissədən ibarətdir. Birincisi bəyi başdan-ayağa geyindirmək”. İndi rus sülhməramlıları da elə o alverçi qadın kimi əsas öz işini görür. Qarşısındakılar nə qədər ona deyir ki, keçək digər məsələlərə qadın yenə də köynək, qalstukdan dəm vurur. Yadınızdadırsa, əsas məsələ evlənmək idi, toy idi. İndi bizim də əsas məsələmiz qalıb bir yanda, rus sülhməramlıları öz bildiklərini edir. 10 noyabr bəyanatının şərtlərinin icrasını gecikdirir.

Erməni silahlı terrorçuları Azərbaycanın daxilində, azərbaycanlı əhaliyə atəş açanda isə rus sülhməramlıları kar və kor olur. Ya da deyir ki, gecə idi, biz yatmışdır. Heç nə bilmirik. Çünki səhər ermənilər üçün ot,taxıl biçir, yorulur. Dünyanın işinə bax da, o boyda rusun əsgəri erməni üçün olub “zoluşka”. Qara işləri görür. Rus sülhməramlıları bu addımı ilə onsuz da olmayan etibarını, reputasiyasını Azərbaycan vətəndaşları qarşısında itirir. Onsuz da xalq inanmır onlara. Bir az dərinə getsək, heç ermənilər də onlara inanmır. Vətən müharibəsi dövründə də, ondan sonra da erməni cəmiyyətində geniş yayılan əsas fikir o idi ki, rus bizi satdı, bizə xəyanət etdi. Rus imkan verdi ki, Azərbaycan Ermənistanı məhv eləsin. Bu gün də rəsmi İrəvanın Makronun ayağına payəndaz olması rusa etibar etməməsinin əyani sübutudur. İrəvan özü üçün ehtiyat çıxışı hazırlayır. Amma xəbəri yoxdur ki, ehtiyat çıxışın qapısına artıq qıfıl vurulub. Nə etsə də, kimin ayağına düşsə də xeyri yoxdur. Gec, ya tez Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Zəngəzur dəhlizi istifadəyə veriləcək. Biz də öz tarixi torpaqlarımıza qayıdacağıq.

 


Məlumat oxu.az saytından götürülmüşdür.