Ekoaktivistlər ağacların qanunsuz kəsilməsinin dayandırılmasına nail oldular – FOTO

2 Baxış

15 iyul tarixində Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın (DANMA) təşəbbüsü ilə ADA Universitetində meşələrin mühafizəsi problemi qaldırıldı.

Oxu.Az xəbər verir ki, tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, FAO və UNDP nümayəndələri ilə ekoaktivistlər və media nümayəndələri arasında Azərbaycanın müxtəlif bölgələrində meşə ərazilərinin məhvi ilə bağlı son vaxtlar üzə çıxan faktlar müzakirə edilib.

Sosial şəbəkələr vasitəsilə ictimaiyyətə açıq şəkildə keçirilən görüşdə DANMA tərəfindən ekoaktivistləri maraqlandıran suallar aidiyyəti qurumlara təqdim olunub, ağacların qanunsuz kəsilməsi halları dərindən təhlil edilib. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, son günlərdə Lənkəranın Haftoni meşəsində “Beta Tea Azerbaijan” şirkəti tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclarla bağlı faktlar araşdırılıb, şirkət müvafiq qaydada cərimələnib və şirkətlə bağlanılan müqavilə ləğv edilib.

Tərəflər meşələrimizə dağıdıcı təsir göstərən hal və əməllərə görə təqsirkar tərəflərin cəzalandırılması və bu cür hadisələrin gələcəkdə təkrarlanmaması üçün bu sahədə şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsinə ehtiyac duyulduğu barədə razılığa gəliblər.

Tədbirin nəticəsi olaraq, DANMA nümayəndələri ekoaktivistlərin təkliflərini ümumiləşdirərək aşağıdakı məsələləri ictimaiyyət qarşısında ETSN nümayəndələrinə təqdim edərək onların yerinə yetirilməsinə razılaşdılar:

– Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanunun şamil edilmədiyi hallarda belə ETSN tərəfindən sahibkarlara icarəyə verilən ərazilər üzrə bağlanan bütün müqavilələr üzrə ictimai nəzarət qrupunun yaradılması və həmin qrupun ərazilərə getməsi, ərazini aktlaşdırması, orada olan ağac, kol və s.-nin protokollaşdırması. 

– Kəsilən ağaclar üzrə hüquqi şəxslər üçün cərimələrin miqdarının artırılması. Kəsilən bitkilər ictimai nəzarət qrupu tərəfindən protokollaşdırıldıqdan sonra kəsilirsə, bu zaman cərimələrin daha da artırılması. 

– Ölkə üzrə vahid elektron xəritələrin yaradılması və həmin xəritələrdə Meşə Fonduna, Milli Parklara və sahibkarlara aid olan torpaqların dəqiqliklə göstərilməsi prosesinin sürətləndirilməsi.

– Sahibkarlarla bağlanan müqavilələrin və aqrobağ xəritələrinin ictimaiyyətə açıq olması.

Nəzərinizə çatdırırıq ki, Azərbaycanın yaşıl və dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq məqsədilə yaranan Dayanıqlı Azərbaycan Naminə Milli Alyans ekoloji məsələlərin həllində fəal iştirak üçün gəncləri motivasiya və səfərbər etmək, özəl sektor, hökumət və vətəndaş cəmiyyətləri arasında daha yaxşı əməkdaşlığa nail olmağı hədəfləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.