Satılan dövlət əmlaklarından büdcəyə milyonlarla manat daxil olub

13 Baxış

2021-ci ilin altı ayında dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir.

İlk yarımildə hərraca çıxarılan dövlət əmlakı üzrə 38 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 15 onlayn qoşulma baş tutub.

Altı ay ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8 faiz icra edilib. Dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2 faiz əməl olunub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 58,7 faiz artıb.


Məlumat oxu.az saytından götürülmüşdür.