Ağstafada qadını balta ilə hədələrək quldurluq edən tutuldu – FOTO

13 Baxış

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş verən quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı bir qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğunu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini deyib, hədələyərək 10 manat nağd pul, bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və bildirib ki, evə daxil olmazdan qabaq evi yandırmaq istəyib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.