Daha səkkiz qazi son nəsil protezlə təmin edildi – FOTO

10 Baxış

Postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb və 33 qazi son nəsil protezlə təmin edilib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan səkkizi bu gün yüksək texnologiyalı protezlərlə təmin olunub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların  rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib.

Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin – yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır. 


Məlumat oxu.az saytından götürülmüşdür.