Son üç ildə 1257 müharibə əlili avtomobillə təmin edilib

7 Baxış

Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təminatıdır. 

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir.

Son illərdə, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb. Yəni, müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır.

Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən  reabilitasiya vasitələri  siyahısına  23 yeni reabilitasiya vasitəsi də əlavə edilib.Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır.

Məsələn, Vətən müharibəsi qazilərindən  artıq 25 nəfəri son texnologoiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir. Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.