Niquşları necə Nigar etməli?

6 Baxış

Qan Turalı yazır…

1924-cü ildə Sovet hökuməti “Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında” qərar qəbul etdi. (Bilməyənlər üçün arayış verək, savadlılıq dedikdə yazıb-oxumaq vərdişləri nəzərdə tutulur) Sovetin fələk də baş açmadığı işləri vardı. Savadsızlığın ləğvi proqramı davam edərkən 1928-ci ildə ərəb əlifbası latın əlifbası ilə əvəz edildi. 1939-cu ildə Sovetlərdə 16-50 yaş arası insanların savadlılığı 90 faizə yaxınlaşırdı. Latın əlifbası 1939-cu ildə kirilə dəyişdirildi… Yenicə savad öyrənmiş minlərlə zəhmətkeş yenidən cəhalət hücrələrinə sürgün edildi. 

O dövrlərdə baş vermiş bir əhvalatı şahidindən dinləmişəm. Xalq savadsızlığın ləğvi kurslarına biganə yanaşırdı. Dövlət proqramının icrasına məsul olan katib hərbi hissəyə müraciət edərək zəhmətkeşlərin dərsə cəlb edilməsi üçün bir neçə silahlı əsgər göndərilməsini tələb edir. Və hər axşam silahlı əsgərlərin müşayiəti ilə zəhmətkeşlər savad öyrənməyə gedirlər. Ancaq inadkar bir zəhmətkeş yolda qaçır, əsgərlər havaya atəş açsa da qayıtmır. Ancaq güllələr qulağını yalayanda əllərini qaldırır və təslim olur. Onu bu vəziyyətdə kursa aparırlar. Savad öyrənməyə… Gülmək öz yerində, ancaq ömrü boyu dəftər-kitab görməyən insanın ahıl yaşında əlifba öyrənməsi həqiqətən də çox müşkül məsələ idi.

Bu hadisə buradaca dursun. Gələk XX əsrin sonuna. 

İnternetin də ortaya çıxması ilə modern dövrü sosioloq və filosoflar “informasiya cəmiyyəti” adlandrmağa başladılar. İnformasiya heç bir zaman görülməmiş nəhəng bir sürətlə dünyanı dövr edirdi. İstənilən elmi məcmuəni, qəzeti minlərlə kilometr kənarda oxumaq mümkün oldu. Dünyanın dəmir pərdəsi dağılırdı və informasiya cəmiyyəti haqqında fikirlər ərşə çıxırdı ki, sosial media sevinci aləmi bürüdü. “Ərəb baharı” ilə sevinc hissi fərəhə, hayqırışa çevrilirdi, ancaq tezliklə məlum oldu ki, İŞİD kimi fundamentalist təşkilatlar yaratdıqları sosial media vasitəsi ilə minlərlə avropalı gənci öz sıralarına qatır. Zaman keçdikcə təhlükə böyüyür və sözü uzatmağı sevməyən sosiololoqlar “dezinformasiya cəmiyyəti”ndən danışmağa başladılar. 

Bu necə baş verdi? Sosial mediaya qədərki dövrdə internetdəki məqalələri, xəbərləri, analizləri, bir sözlə bütün kontenti seçilmiş azlıqlar hazırlayırdı. Mütəxəssislər, jurnalistlər, ekspertlər, siyasətçilər, ictimai rəy liderləri… İnsanlar da bu yazıları oxuyurdular, internetdə dövr edən müəyyən qabiliyyətə, savada malik olan insanların düşüncələri, rəyləri idi. Niquşların prosesdə heç bir rolu yox idi, nəhəng mass-media şəbəkələri, elmi jurnallar, qəzetlər, bir sözlə rəy istehsal edib yayan bütün qurumlar onların üzünə qapalı idi. Elmi jurnalda məqalə çap etdirmək üçün yazı bir neçə instansiyadan, sahənin nüfuzlu simalarından keçirdi.  Ancaq sosial medianın formalaşması və böyüməsi ilə elitar azlığın əlində olan bu fürsət müsadirə olunaraq çoxluğa paylandı. Artıq siyasi şərh vermək üçün politoloq, pandemiyadan danışmaq üçün həkim olmağa gərək yox idi. Əvvəllər film haqqında ancaq kinotənqidçilər yazırdısa indi hər kəs bu imkana sahib oldu.

Ara qarışdı, məzhəb itdi. Generala hərb elmindən dərs deyən fərarimi istəyirsən, tarixçiyə masonlardan danışan qanmazmı, həkimə anatomiya xırdalayan fırıldaqçımı? Bu şəxslər sürətlə parlamağa başladı. Onlar avam insanların ürəyinə daha asan yol tapa bilirdilər, çünki özləri də fırıldaqçı olmaqla yanaşı həm də avam idilər. Avamlar onların qarşısına itələnən rəyləri dərk etmir, sadəcə ona inanmaq istəyirdilər. Koronavirus haqqında düsturlu, teoremli, sübutlu infeksionist professorun sözləri onlara “Hamısı Amerikanın oyunudur” kəlməsi qədər cazibədar gəlmirdi. 

Özü də bu tendensiya təkcə ölkəmizlə, ya da islam dünyası ilə bağlı tendensiya deyil, qlobaldır. Amerikada milyonlarla insan vaksinlərlə bizə çip qoşulacağını iddia edirdi. Alman radiosuna (DW) danışan bir amerikalının vaksin əleyhinə öz küçəsini silahlandırıb son nəfəsinə qədər Bill və Melinda Qeytslərlə mübarizə aparacağını elan etməsi artıq adi qarşılanırdı. ABŞ-da onlarla özlərini həkim adlandıran şəxs “YouTube” kanallarında COVID 19-a dərman tapdığını iddia edir, “YouTube” bir ucdan bu kanalları bloklasa da onların sayı azalmırdı. Tramp nadanlar ordusuna şəxsən rəhbərlik edir, dezinfeksiya məhsullarının əldəki virusu öldürdüyünün əsas gətirərərək onları içməklə virisun anasını ağladacağını bəyan edirdi. Bu yerdə Səməd Vurğunun “Qalib gələcəkmi, cahanda kamal” sualı çox faciəvi görünür…

Bəs nə etməli? Bu sual bu gün bəşəriyyətin qarşısında bütün əzəməti və dəhşəti ilə dayanır. Əlbəttə ki, inkişafın geriyə yolu yoxdur, bu şəbəkələri bağlamaq çarə deyil. Tarixin heç bir dövründə də qadağalar çarə olmamışdır.

Yazının əvvəlinə qayıdaq. Savadlılıq məsələsinə. Savadlılılıq ilkin mənası ilə yazıb-oxumağı bacarmağı ifadə edirsə indi alimlər media savadlılığı (Media literacy) ifadəsindən istifadə edir. Nədir bu? Medianı düzgün oxuyub, düzgün başa düşmək. Hansı xəbərin doğru, hansının yalan olduğunu anlamaq… Hansı xəbərin gerçəyi, hansı xəbərin isə təbliğati maraqlarla yazıldığını qavramaq… Daha sadə şəkildə ifadə etsəm “Bunu harda oxudun?” sualına “İnternetdə” cavabını verməmək. Etibarlı və yalnış xəbər yazan media orqanlarını bir-birindən ayırmağı bacarmaq. Artıq bir çox dünya ölkələri orta məktəb və universitetlərdə “Media savadlılığı” fənnini tədris olunur. Türkiyədə orta məktəbin 7 və 8-ci siniflərində bu dərs məcburidir.  

Təhsil barəsində dünyada öncül yerlərdə duran Finlandiya isə “Media savadlılığı”nı ayrıca bir fənn kimi tədris etməsə də daha radikal yanaşmanı mənimsəyir. Belə ki, hər fənnin daxilinə “Media savadlılığı” üzrə müddəaları daxil edir. Misal üçün, “I Dünya Müharibəsi” tədris edilərkən şagirdin mövzuyla bağlı düzgün məlumatı necə əldə etməli olduğu, uydurma, təhrif edilmiş, təbliğat məhsulu olan informasiyaları necə sərfnəzər etməli olduğunu əyani şəkildə göstərir. Və bu təkcə humanitar yox eləcə də təbiət elmlərinə də aiddir (dünyada milyonlarla insan Yerin kürə şəkində olduğuna inanmır və internetdə bu fikri dəstəkləyən külli-miqdarda material mövcuddur).

İstər pandemiyanın ilk çağlarında ya da  44 günlük müharibədə meydana çıxan neqativ meyillər bizim də ölkəmizdə media savadlılığı barədə düşünməyin zəruri olduğunu sübut edir. Bəli, az qala yüz il sonra yenidən savad problemi ilə üzbəüz dayanmışıq. Mirzənin məşhur sözünü azca dəyişsəm belə alınar: “Dünyada nadanlıqdan pis heç nə yoxdur”. Media savadlılığının əsas prinsiplərini bəlkə bir yazıda da ayrıca yazmaq gərək…


Məlumat oxu.az saytından götürülmüşdür.