Azərbaycan gənclər təşkilatları dünya ictimaiyyətinə müraciət etdi

7 Baxış

4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olması və 4 nəfərin yaralanması ilə bağlı Azərbaycanın gənclər təşkilatları dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilir ki, Azərbaycan gəncləri və gənclər təşkilatları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərimizdə geniş miqyasda minaların yerləşdirilməsinə və bunun mülki əhalinin həyatına ciddi təhlükə törətdiyinə çəkmişlər.

Kəlbəcərdə baş verən son hadisənin növbəti dəfə Ermənistan hakimiyyətinin minalı sahələrin xəritələrini açıqlamamaq kimi məsuliyyətsiz və cinayətkar xarakterli davranışının beynəlxalq humanitar hüquqla yanaşı, Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixli birgə bəyanatının ruhuna zidd olduğu vurğulanmışdır.

Gənclər təşkilatları münaqişənin bitməsindən sonra azad olunmuş ərazilərdə minalardan həlak olan və ya sağlamlığını itirən hər bir mülki şəxsə və hərbçiyə görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə, bütün dünya ictimaiyyətini, o cümlədən beynəlxalq təşkilatları və insan hüquqlarını müdafiə qruplarını Ermənistanın davam edən bu təxribatlarına kəskin etirazlarını bildirməyə və nəhayət minalı sahələrin xəritələrini təqdim etməyə çağırmışlar. Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi qeyd olunmuşdur.

Müraciətlə tanış olmaq üçün linkə daxil olun.


Məlumat oxu.az saytından götürülmüşdür.