Mətbuat Şurasından beynəlxalq media qurumlarına MÜRACİƏT

8 Baxış

Azərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşmələri ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev bildirib ki, Cenevrə konvensiyasına və beynəlxalq protokollara görə minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidir.

O bildirib ki, Ermənistan hökuməti bütün beynəlxalq sənədlərə, özlərinin imzaladığı kapitulyasiya aktına zidd olan xəritələri hələ də Azərbaycana təqdim etməyib:

“Təqribən 13 kvadrat kilometr ərazi minalarla çirklənmiş vəziyyətdədir. Minalanmış ərazilərin xəritələrinin olmaması bu cür hadisələrin tez-tez baş verməsinə səbəb olur. Bizim Birinci Qarabağ müharibəsi dövründə də 2000 nəfərdən çox mina qurbanlarımız var idi. İndi bu rəqəm 3000-ə yaxınlaşır. Bu son hadisə də bu məsələnin beynəlxalq ictimaiyyətdə daha çox qabardılmasına ehtiyac olduğunun sübutudur”.

MŞ sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.