Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı dünya jurnalistlərinə müraciət olundu

8 Baxış

Parlament Jurnalistləri Birliyi Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı dünyanın jurnalist təşkilatlarına müraciət edib.

Oxu.Az-ın məlumatına əsasən, PJB-nin müraciətində hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi kimi qeyd edilib.

Bildirilib ki, Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir.

PJB xatırladıb ki, Azərbaycan Respublikası problemlə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müraciət etsə də, məsələ həllini tapmayıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməkdə məqsədi Azərbaycan əhalisinin həyatına qəsd etmək, daha çox mülki şəxsin və hərbçinin həlak olmasına şərait yaratmaqdır.

“Təəssüflə qeyd edirik ki, həlak olan jurnalistlərdən biri Məhərrəm İbrahimov (Əlioğlu) Parlament Jurnalistləri Birliyinin üzvü idi. Baş vermiş hadisə artıq sıravi vətəndaşlarla yanaşı, peşə vəzifələrini yerinə yetirən jurnalistlərin də həyatına ciddi təhlükənin olduğundan xəbər verir”. 

Müraciətdə o da vurğulanıb ki, Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini gizlətməklə işğaldan azad edilmiş ərazilərin sakinlərinin 30 ildən sonra öz evlərinə qaytarılması səylərinə ciddi şəkildə maneə olur.

PJB beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, Ermənistanın bölgədən reportaj hazırlayan jurnalistlərin həyatını təhlükəyə məruz qoyması həm də mətbuat azadlığına olan basqıdır.

Qurum dünyanın jurnalist təşkilatlarını Ermənistanın əməllərinə qiymət verməyə çağırıb.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.