MTRŞ Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb

6 Baxış

“İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən AzTV kanalının operatoru Sirac Abışov və AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olmuş, bir neçə şəxs yaralanmışdır. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir”.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı bəyanatda qeyd olunub:

“Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanıb. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi prosesini Ermənistan həyata keçirmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.