Bakıda “Litva Tatarları” adlı sərginin açılışı olub – FOTO

9 Baxış

29 aprel 2021-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva və Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsberqis tərəfindən “Litva Tatarları” sərgisinin açılış mərasimi gərçəkləşdirilib.

Sərgidə Litva tatarlarının görkəmli şəxsiyyətlərinin nadir portretləri, onların adət-ənənələrini əks etdirən tarixi fotoşəkillər nümayiş olunub.

Mərasimdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini F.Rzayev, beynəlxalq təşkilatların rəhbərləri, səfirlər və digər rəsmilər iştirak ediblər.  

Tədbirdə çıxış edən Günay Əfəndiyeva qonaqları salamlayaraq, hər birini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk dünyasının ayrılmaz parçası olan Litva tatarlarının mədəniyyətini, tarixini və həyatını əks etdirən sərgisinin açılış mərasimində görməkdən şad olduğunu qeyd edib. 

Fondun prezidenti Türk dünyasının uzun tarix boyu ən güclü mədəniyyətlərin və sivilizasiyaların yaranmasına, inkişafına böyük təsir göstərən unikal bir məkan olduğunu qeyd edib. Günay Əfəndiyeva müasir türkdilli xalqların öz tarixi hüdudlarından kənarda geniş yayıldığını vurğulayaraq, Litvada yaşayan tatarların da bunun seçilən örnəklərindən olduğunu bildirib. 

Günay Əfəndiyeva 2021-ci il Litva tatarlarının Tarix və Mədəniyyət İli elan edilməsinin Litva Respublikasının Türk dünyasına verdiyi dəyərin gözəl nümunəsi kimi qiymətləndirib. Litvanın ölkədə yaşayan etnik azlıqların tarixinə və mədəniyyətinə xüsusi diqqət ayırması Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Səfirliyi arasında bu ilin fevral ayında Əməkdaşlıq Memorandumunun imzalanmasına səbəb olmuşdur. Təşkilatın əsas məqsədi də türk xalqlarının mədəni dəyərlərinin qorunması, öyrənilməsi və təbliğidir. 

Sərgidə çıxış edən Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsberqis bildirib: “Bugünkü görüşdə biz 7 əsr bundan qabaq baş verən mühüm hadisələri müzakirə edərək, xalqlar arasında yaranan mədəni bağların orta əsrlərə dayanmasıyla bağlı fikir mübadiləsi apardıq. Belə ki, Litvada kiçik, ancaq özünəməxsus azsaylı nümayəndələr – tatar və karaimlər yaşayır. Tatar və karaim xalqları XV əsrdə Böyük Litva Knyazlığı tərəfindən Krım ərazisindən Litvaya dəvət olunublar. Bütün bu vaxt ərzində tatar və karaimlər azlıq təşkil etmələrinə baxmayaraq öz kimliklərini qorumağa nail olublar”. 

Tarixi faktlara toxunan nazir vurğulayıb ki, 1918-ci ildə bir çox tatarlar Azərbaycan Demokratik Respublikasının qurulmasında və müxtəlif qurumların yaradılmasında da yaxından iştirak ediblər. Nazir həmçinin Krım tatarlarının indiki mövcud vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. 

Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fobdu ilə Litva arasında yaranan tərəfdaşlıq əlaqələrinə və Litva tatarları ilə bağlı təşkil edilən tədbirə görə Fondun prezidenti Günay Əfəndiyevaya öz təşəkkürünü bildirərək, quruma “Kaunas məscidi” adlı şəkil hədiyyə edib. Fondun prezidenti Günay Əfəndiyeva öz növbəsində Qarabağ məktəbinə məxsus olan Azərbaycan xalçasını nazir Qabrielius Landsberqisə təqdim edib.

Tədbir çərçivəsində konsert proqramı da təşkil olunub. Bayanda Raşid Timerbulatov tatar xalq musiqisini, Nailə İsmatulina “Kaz kanatı”, Zeynəb Aliulova “Geljamal” tatar xalq mahnılarını ifa edib, Amal Ahmedulin tatar xalq rəqsini nümayiş etdiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.