Gənclər təşkilatının nümayəndələri “Şəhid anası ilə bir gün” keçirib – FOTO

25 Baxış

Gənclər təşkilatının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupunun üzvləri şəhid Nicat Salahovun anası Aygün xanımla bir gün keçirib.

Təşəbbüs çərçivəsində gənclər şəhid anasına mənəvi dəstək olmaq məqsədi ilə Aygün xanımın evinə baş çəkib. İlk olaraq şəhid anasına məişət işlərində köməklik göstərilib və şəhidimizin məzarı ziyarət edilib. Həmçinin günün ikinci yarısında Hərbi Qənimətlər Parkı da şəhid anası və gənclər tərəfindən ziyarət edilib.

Bu parkda nümayiş etdirilən hərbi qənimətləri izləyən və onlar haqqında məlumatlar əldə edən şəhid anası tez-tez övladını yad edərək onunla bağlı xatirələrini dilə gətirib. Eyni zamanda, Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş qazimiz Mehman Zamedinov da bu təşəbbüsə qoşulub və şəhid anası və İctimai Maarifləndirmə komandası ilə birlikdə iftar süfrəsində iştirak edib.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə öz torpağı uğrunda canını fəda etmiş Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarının nəticəsidir. Şəhidlərimizin bizə əmanətini və qazilərimizi diqqətdən kənarda saxlamayaraq, onlara qayğı göstərilməsi hamımızın borcudur.

Bu təşəbbüsü reallaşdıran “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin üzvlərindən formalaşdırılmış İctimai Maarifləndirmə qrupu Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən “İctimai Maarifləndirmə” layihəsi çərçivəsində fəaliyyət göstərir. “İctimai Maarifləndirmə” layihəsi artıq ölkəmizin 11 şəhər və rayonunda 30 gənclər təşkilatı tərəfindən icra edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.