Azərbaycan Könüllüləri “Nizami Kuboku” uğrunda yarışdılar – FOTO

6 Baxış

“ASAN Könüllüləri” təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Nizami irsinin gənclər tərəfindən daha yaxşı mənimsənilməsi, eyni zamanda Nizami yaradıcılığının təbliğində gənclərin rolunu artırmaqla onların asudə vaxtlarının əyləncəli və səmərəli təşkil edilməsi və intellektual fəaliyyətə cəlb olunması məqsədilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Layihənin 1-ci mərhələsi 20 “ASAN xidmət” mərkəzinin könüllüləri arasında yarışlarla başlayıb. Nəticələrə uyğun olaraq “Nizami Kuboku” uğrunda mübarizənin 1-ci mərhələsinin finalında Balakən regional “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət olan komanda qalib elan edilib və yarışın 2-ci mərhələsində “ASAN Könüllüləri” təşkilatını təmsil etmək hüququ qazanıb.

2-ci mərhələ Şamaxı regional “ASAN xidmət” mərkəzində, müxtəlif  könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllülərindən ibarət 12 komanda arasında həyata keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunun qalibi Balakən regional “ASAN xidmət” mərkəzinin könüllüləri olub. “ASAN Union” və “Könüllü Dost” komandalarının təmsilçiləri isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.

Operativ qərargahın tələblərinə uyğun çərçivədə baş tutan səfərin sonunda könüllülərin Kələxana türbələri və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.