Gəlin qaynananı gecə öldürsə, onda necə olacaq?

5 Baxış

Kubra Məhərrəmova yazır…

Düz 2 gün əvvəl Sabirabad rayonunda gənc bir qadın intihar etdi. Rayonun Cavad kənd sakini, 2001-ci il təvəllüdlü Səmayə Zeynalova özünü yaşadığı evin həyətindəki nar ağacından asdı. Özü də bir yaşlı oğlunun gələcəyini gözə almadan. Adamı hansı həddə çatdırmalıdılar ki, nə özünü, nə də körpə övladını gözə almasın. Səbəb isə o idi ki, Səmayə ailəli olduğu müddətdə həyat yoldaşı, qayınatası, qayınanası tərəfindən dəfələrlə mənəvi, psixoloji işgəncəyə məruz qalıb. Boşanmaq istəsə də, Səmayənin anası buna razı olmayıb. “Getmisən, dolan, boşanma” deyib. Deyilənə görə Səmayənin atası qızının boşanmasına razı imiş. Amma arvadına gücü çatmayıb. Yeri gəlmişkən, qızın anası ilə oğlanın anası əmiqızlarıdır.

Nəticədə Səmayə özünə qəsd edib. İndi bundan sonra cinayət işi açılsa nə, açılmasa nə. Cavan can getdi qara torpağın altına. Hansısa yalançı “namus-qeyrət”, “ailə dəyərlərinə” görə qurban getdi Səmayə. Və əminəm ki, onun bir yaşlı körpəsi də bu dünyada bir gün görməyəcək. Anasına yanmayan nənələr, ata və babalar onu da məhv edəcək. Ən ağır məsələ isə budur ki, bizim bunun qarşısını ala biləcək heç bir işlək mexanizmimiz yoxdur. Heç bir sosial işçilər, dövlət strukturları yoxdur ki (bəlkə də kağız üzərində var) belə problemli ailələrlə işləsin, belə uşaqları “doğmalarından” qorusun. Dədə-baba qaydasıyla üstünü örtüb, ancaq hesabat verirlər. Bu faciənin üstündən iki gün keçən kimi bu gün daha vəhşi hadisənin şahidi olduq. 

Yayılan videoda görürük ki, Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı il təvəllüdlü Qurbanova Girdənaz 1990-cı il təvəllüdlü gəlinini vəhşicəsinə döyür. Özü də elə döyür ki, elə bir erməni azərbaycanlı əsiri döyür. Adamda nə qədər vəhşilik olar? Bu hələ qadındır. Biz adətən qadınlara qarşı şiddətin kişilər tərəfindən edildiyinin şahidi olmuşuq. Bu dəfə bir ananın başqa qadına belə şiddət göstərməsi adamda hiddət doğurur. Videodan da görünür ki, gəlin müqavimət göstərmir. Qaynana da dayanmadan şiddət göstərir. Bu hadisəyə baxanda adam bilmir kimdən kömək istəsin.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar. Fakt üzrə Lənkəran Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır. A kişi, nəyin tədqiqatı aparılır? Həqiqətən mənə maraqlıdır. Hansı araşdırma aparılır ki? Fakt olaraq şiddət görürük. 

Vəhşi bir varlığın digərinə qarşı hücümunu. Görəsən polis hansı tədbirlər görəcək? Əminəm ki, üstünü örtüb, ailə məsələsidir deyib, barışığa yollayacaqlar. Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı qeyd edilir. İndi deyəcəksiz ki, hər gün döyülən gəlin niyə heç kimə şikayət etməyib? Kimə etsin? Polisə? Bəlkə hansısa dövlət və ya qeyri-dövlət təşkilatı var ki, sinəsini qabağa verib belə kimsəsiz-köməksiz adamaları müdafiə edəcək? Məni güldürməyin. Əgər bu video ictimaiyyətə çıxmasaydı heç polis də heç nə edən deyildi.

Bu ailənin ləyaqətsiz, əxlaqsız olduğu məlum oldu. Bir kişi ki, öz qadınını müdafiə edə bilmirsə ölsə ondan yaxşıdır. İndi isə məsələnin inkişaf edə biləcək ssenarisini təqdim edirəm. Birinci versiya. Mütəmadi olaraq işgəncə və şiddətə məruz qalan qadın bir gün özünə qəsd edəcək. Ya da affekt təsiri ilə elə həmin qaynananı gecə öldürəcəkdi. Hə, burda biz kənd camaatının ağı deməsinə şahid olacaqdıq. “Vay, yazıq qız, özünü öldürdü”, ya da “canı yansız, qaynanasını bıçaqladı”. Onda polis də gələcək, başqa qurumlar da.

Məsələnin kökündə isə yenə təhsil problemləri, regionlarda ali qanunların mentalitetə uduzması, dədə-baba qaydasında yaşayışın davam edilməsi durur. Yəni XX əsrin əvvəllərində necəki gəlin qaynananın qulu-köləsi idi, yenə də həmin qayda-qanun davam edir. Maraqlıdır, bu yetim qızın aqibəti necə olacaq? Əminəm ki, qaynana həbs olunmayacaq, yenə eyni şiddət davam edəcək. Sonluq isə bayaq dediyim kimi, ya gəlin özünü, ya da qaynananı öldürəcək. Mənim imkanım olsaydı o qaynananı qəfəsə salıb bütün Azərbaycana göstərərdim. Çünki o vəhşidir, insan deyil. Başqa “abır-həya” güdən qaynanalara da dərs olardı.


Məlumat oxu.az saytından götürülmüşdür.