Alimenti ödəməyən atalarla necə mübarizə aparmalı? – Vəkildən AÇIQLAMA – FOTO

7 Baxış

Cütlüklərin boşanma prosesi çox vaxt ağrılı olur. Bunun səbəblərindən biri də uşaqların maddi dəstəklə təmin edilməsi məsələsi ilə bağlıdır.

Axı, hər kişi, həyat yoldaşı ilə ayrıldıqdan sonra könüllü şəkildə uşağına kömək etməyə hazır olmur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ofeliya Rəhimova Caliber.Az-a açıqlamasında alimentin verilməməsi problemindən və bunun həlli yollarından danışıb.

Həmsöhbətimiz qeyd etdi ki, alimentin ödənilməməsi problemi hər zaman aktualdır:

“Ancaq sizə deyə bilərəm ki, məhkəmə icraçıları həmişə bu işlərə daha çox diqqət ayırır, yəni bu məsələləri mümkün qədər tez həll etməyə çalışırlar. Məhkəmə icraçıları alimentin ödənilməsini təmin etmək üçün bütün səlahiyyətlərindən istifadə edirlər. Bəzi hallarda, hətta cinayət işi də açırlar.

O.Rəhimova alimentin alınması qaydalarına da aydınlıq gətirib. O, qeyd etdi ki, əvvəlcə məhkəmə qərar qəbul edir, daha sonra icra vərəqəsi məhkəmə icraçılarına göndərilir, onlar isə müvafiq ölçülər götürürlər:

“Şəxsin daimi işi varsa və maaş alırsa ondan məhkəmə yolu ilə aliment tələb edilə bilər. Əgər şəxsin bir uşağı varsa, maaşının 1/4 hissəsi, iki uşağı varsa 1/3, üç və ya daha çox övladı olduğu halda maaşının ən azı yarısı qədər aliment məbləği alınır. Əgər onun daimi iş yeri, rəsmi gəliri yoxdursa, məhkəmə yaşayış minimumuna uyğun bir məbləğ təyin edir. Bu məbləğ 1 yanvar 2021-ci ildən uşaq başına 175 manat təşkil edir.

Ancaq məhkəmənin müəyyən amilləri nəzərə alması da olur. Məsələn, bu yaxınlarda atanın 2-ci qrup əlil olduğu bir məhkəmə işim oldu və məhkəmə ona 175 manat deyil, 155 aliment təyin etdi. Yəni atanın əlil olması və uşaqların anasının işləməsi faktı nəzərə alınaraq, məhkəmə aliment miqdarını bir qədər azaltdı”.

Uşaqlarının alimentini ödəməkdən boyun qaçırdanların məsələsinə aydınlıq gətirən vəkillər kollegiyasının üzvü bildirdi ki, bu şəxslər ilk olaraq inzibati məsuliyyətə cəlb olunurlar:

“Həmçinin çox vaxt iki ay müddətinə inzibati həbs təyin edilir. Səhlənkar atalar inzibati həbsdən və digər tədbirlərdən sonra aliment öhdəliklərini yerinə yetirmirlərsə, artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (hökmün, məhkəmə qərarının və ya digər məhkəmə əmrinin icra olunmaması) ilə cinayət işinə başlanılır. Bu maddənin sanksiyalarında nəzərdə tutulmuş cəzalar belə ola bilər: 2-4 min manat arasında cərimə, 320-480 saata qədər ictimai işləri, iki ilə qədər islah işləri, azadlığın üç ilə qədər məhdudlaşdırılması (bilərzik taxılır) və ya üç ilə qədər həbs cəzası”. 


Məlumat oxu.az saytından götürülmüşdür.