Şəhid zabitin həyat yoldaşı: “Medallarına baxanda siması gözlərimdə canlanır” – FOTO

9 Baxış

Emil Vaqif oğlu Qurbanov Vətənini canından əziz tutmaqla, Vətən müharibəsində tarix yazan igidlərdən oldu. İndi 1980-ci ildə doğulub boya-başa çatdığı Lənkəran elində adı çəkiləndə hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. 

O, orta təhsilini başa vurub Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki  ixtisasına daxil olub. Emil tələbə biletini alan gündən bütün eşqini, məhəbbətini oxumağa, öyrənməyə bağlayır. Bütün bu dəyərlərə görə Emil ali məktəbdə seçilib, çoxunun sevimlisi olub. Universiteti bitirəndə isə xalqına, millətinə fayda vermək əzmi mənəvi dünyasına daxil olmaqla, ona işıqlı sabahların yolunu göstərib.

Emil 2002-ci ildə ordu sıralarına gedir. Vətənini göz bəbəyi kimi qoruyub, xidmət etdiyi hərbi hissədə son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi tanınıb. Baş leytenant rütbəsində ona həvalə olunan taqım komandiri vəzifəsini layiqincə yerinə yetirib. Tabeliyində olan əsgərlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərib.

Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran şəhərində Zirvə İdman Kompleksində baş məşqçi işləyib. Onun bütün arzularının zirvəsində Vətənin, xalqın xoşbəxtliyi durub. Elə bu nəcib məqsəd naminə yaxşı idmançılar yetişdirməyə çalışıb. Özü isə pauerliftinq idman növü üzrə keçirilən bir çox yarışların qalibi olub. 2012-ci ildən Lənkəran şəhər 7 saylı tam orta məktəbdə hərbi müəllimi və təlim-tərbiyə üzrə direktor müavini işləyib.

Erməni qəsbkarları ötən ilin sentyabrın 27-də Azərbaycan torpaqlarına növbəti təcavüzündə Emil könüllü Vətən uğrunda döyüşən oğulların sırasına qoşulub və düşməndən intiqamımızı alana qədər vuruşacağına söz verib. Müharibə meydanında qəhrəman komandir Emil  igidlik nümayiş etdirib. Ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını atıb qaçıb. Emil də digər qəhrəmanlarımız kimi Qarabağın işğal altında olan strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin alınmasında, sözün əsl mənasında, qəhrəmanlığı ilə seçilib. Yaxşı döyüşməklə bərabər, həm də dəfələrlə yaralı əsgərləri ağır döyüş meydanından çıxarıb. O, Cəbrayılın, Qubadlının azad olunmasında daha çox fədakarlıq göstərib. Özü şəhid olsa da, hünəri, şücaəti komandirlə çiyin-çiyinə döyüşən silahdaşlarını qələbəyə doğru aparıb.

Şəhid zabitin həyat yoldaşı Vüsalə xanım deyib:

“Emil ailəsinə bağlı olmaqla, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında olmaq, düşməni əzmək arzusu ilə yaşayırdı… Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan öz igid oğlu ilə fəxr edir. Onsuz çətindir mənə… Emilin layiq görüldüyü “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına baxanda həmişə onun nurlu siması gözlərimdə canlanır”.


Məlumat oxu.az saytından götürülmüşdür.