“Minanı görürük” demək sizi təhlükədən qorumayacaq, çünki… – XƏBƏRDARLIQ

5 Baxış

Azərbaycanın işğaldan azad edilmiş əraziləri uzun illər Ermənistan tərəfindən sistemli qaydada minalanıb. Düşmənin bu mənfur addımları Vətən müharibəsi dövründə daha da xaotik hal alıb.
İnsanlar 30 illik həsrətə son verərək öz doğma ata-baba yurdlarını görməyə, dünyasını dəyişmiş əzizlərinin məzarlarını ziyarət etməyə tələsirlər. Bu isə, təəssüf ki, bədbəxt hadisələrlə nəticələnir. 

İnsanların işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmələrinin qarşısını almaq üçün ərazilərdəki mövcud vəziyyət barədə təsəvvür yaratmağa çalışırıq.

Bunun üçün isə işğaldan azad edilən əraziləri mina və partlamamış silah-sursatlardan təmizləyən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxladıq. 

ANAMA-nın Əməliyyat İdarəsinin tədqiqat və təmizləmə şöbəsinin müdiri İdris İsmayılov mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verib. 

O, vətəndaşların azad edilmiş ərazilərdəki mina təhlükəsinin səviyyəsini aydın şəkildə başa düşmələri üçün maarifləndirmə işlərinin aparılmasının önəmli olduğunu vurğulayıb:

“İnsanlar işğaldan azad olunan ərazilərə öz ata-baba yurdlarını görməyə və daha çox qəbiristanlıqları ziyarət etmək üçün keçməyə cəhd edirlər. Buna cəhd edən bir ailənin altı üzvü minaya düşmüşdür. Bu, çox böyük faciədir. Onlardan iki nəfər həlak oldu. Bu cür hallara Füzulidə, Ağdamda da rast gəlirik. Yaşayış evlərinin ətrafında, qəbiristanlıqların yaxınlıqlarında mina fraqmentləri var. 

Buna görə də yerli sakinləri həmin ərazilərə getməməyə çağırırıq. Öz sağlamlıqlarını qorumaq və bədbəxt hadisələrdən uzaq olmaq üçün işğaldan azad edilən ərazilərə getməyə cəhd etməsinlər. Yerli icra orqanlarının, rayon polis şöbələrinin, Daxili İşlər Nazirliyinin və komendantların qoyduğu qayda-qanunlara riayət etsinlər ki, mina və partlamamış silah-sursatların qurbanı olmasınlar”.

Vətəndaşların “minanı görürük”, “ehtiyatlı olarıq” kimi səsləndirdiyi fikirlərə cavab verən İ.İsmayılov bu və buna bənzər sözlərin insanları təhlükədən qoruya bilməyəcəyini deyib:

“Minalar torpaq səthindən 20 santimetr dərinlikdə basdırılır. Onlar sakit-səssiz öz şikarını gözləyir. Bunu insanlar ilkin baxışda görə bilməzlər. Ola bilər ki, bəzi ərazilərdə torpaq qatı getmiş, su ilə yuyulmuş ərazilərdə basdırılan minalar nisbətən üzdə olsun. Amma bu da insanları təhlükədən qorumur. Bir daha onları işğaldan azad olunmuş ərazilərə getməməyə səsləyirik”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.