Cənnətdən qovulanların amansız intiqamı: Tarixi zəfər acı keçmişi silir – Zəngilandan FOTOREPORTAJ

7 Baxış

Səhər saat 07:00. Biz tarixi zəfərin izi ilə Zəngilana yola düşürük. 30 ilə yaxın bir həsrət sona çatıb və doğma Qarabağ bölgəsinə gedirik. 

Media nümayəndələri olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edirik.

Avtobusa əyləşirik. Hamımız həyacanlıyıq. Zəngilana uzanan yolun tez bitməsini, 30 il həsrətində olduğumuz Vətən torpağına daha tez çatmaq istəyirik. 

Yolboyu Füzuli, Cəbrayıl ərazisində ermənilərin vandallığının şahidi oluram. Bu görüntüləri videolarda, fotolarda görmüşəm. Amma canlı şahidi olduğum həqiqəti, erməni barbarlığını gördükdə hiss etdim ki, foto və videolar gerçəyi yansıtmır. 100 eşitməkdənsə, bir görmək yaxşıdır ifadəsi bu məqamda öz yerini tapır. Avtobus doğma Qarabağ torpağına irəlilədikcə bu barbarlığın miqyası daha çox görünür.  

Zəngilan da digər işğal olunan torpaqlarımız kimi mənfur düşmən tərəfindən xarabalığa çevrilib. 

Nəhayət, Şərq çinarının vətəninə çatırıq. Zəngilan yazısını görən zaman ürəyimdən bu sözlər keçir: “Bu vandallığın içində qalsan da, sağsan. Əsas da budur. Dirçələcəksən!”

Zəngilanda ilk olaraq Şərq çinarı əkirik. Elə Şərq çinarını vətəninə qovuşdurmaq naminə. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalist həmkarlarımız ilə birlikdə işğaldan azad olunan Zəngilan rayonunda tinglər əkdik. 

Ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkildi. Həmçinin palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpildi.

İstəyirəm ki, əkdiyimiz ağaclar Vətənin yaralarını sarısın. Qoy, bu ərazilər yaşıllığa çevrilsin! Bəlkə o zaman həsrətin ağrısı azalar. 

Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məqsəd, bu amal uğrunda çalışır. Nazir müavini Firdovsi Əliyevin sözlərinə görə, bu işdə bir sıra çətinliklər mövcuddur:

“Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə, ağac əkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq”.

O qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da talayıb:

“Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə oranı yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza ciddi ziyan vurublar. Bununla bağlı araşdırma aparılır. Bu məsələ ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq. İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür”.

Daha sonra avtobus Zəngilan şəhərinə hərəkət edir. 

Burada da vəziyyət eynidir viran qalmış yurdlar, dağıdılmış evlər…

Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsinə səfər edirik. Buradan axan Oxçuçay Ermənistan tərəfindən axıdılan kimyəvi maddələrlə çirkləndirilib, balıqlar məhv olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.