TƏBİB-ə daha bir neçə səlahiyyətin verilməsi TƏKLİF OLUNUR

4 Baxış

Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi təklif edilib.

Belə ki, təklifdə zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilməsi qeyd olunub.

Bununla yanaşı təkliflər arasında zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması ilə bağlı məsələyə nəzarətin də dəyişdirilməsi də yer alıb.

Təklif edilir ki, zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə – 80 manatdan 120 manatadək məbləğdə cərimə tətbiqinin icrası da TƏBİB-ə verilsin.

Qeyd edək ki, təklif edilən cəzalar bu zamana qədər mövcud olub, lakin bunun icra səlahiyyətləri Səhiyyə Nazirliyində olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanan layihədə təklif edilən dəyişikliklər Milli Məclisin Səhiyyə komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.