Raquf Orucovun həyat yoldaşı: “Şəhidlərimizin qanı hopmuş torpaqlarda üçrəngli barmağımız dalğalanır”

4 Baxış

Aprel döyüşləri Azərbaycanın şanlı səhifələrindən biridir. Bu bizim Zəfərimizin başlanğıcı idi.

Bu sözləri Oxu.Az-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

Onun sözlərinə görə, o döyüşlərdə şəhid olan komandirlərin yetişdirdiyi zabitlər bu qələbəni tamamladı:

“İkinci Vətən müharibəsində iştirak edən əsgərlər, zabitlər öz komandirlərinin, onları yetişdirən vətən oğullarının qisasını aldılar. O döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yoldaşları bu gün Vətən müharibəsində onların son arzusu olan şanlı üçrəngli bayrağımızı işğaldan azad olunan torpaqlarımızda ucaltdılar.

Aprel döyüşlərindən İkinci Vətən müharibəsinə qədər gəldiyimiz yol bizi qələbəyə apardı. Aprel döyüşləri xalqın milli ruhunu, dirçəliş ruhunu oyatdı. Həmin döyüşləri sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının bir qarışından da əl çəkməyəcək. Biz dünyaya sübut elədik ki, heç vaxt Qarabağımızı unutmamışıq”.

O bildirib ki, biz bu gün Aprel şəhidlərinin məzarlarını ziyarətə gedərdək alnıaçıq, üzüağ gedirik:

“Bu gün gənclərə vətənpərvərlik ruhu aşılanır. Qürurla deyə bilirik ki, şəhidlərimizin uğrunda canlarından keçdikləri torpaqlar artıq azaddır. Şəhidlərimizin qanı hopmuş torpaqlarda üçrəngli barmağımız dalğalanır. Bizlərə düşən müqəddəs vəzifə isə bu bayrağı daim zirvələrdə qoruyub saxlamaqdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə can sağlığı versin”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.