1945-ci ilin fevralın 23-də vəfat edən partizan Aşur Əmirxanov haqqında nə bilirik? İlham Abbasovla MÜSAHİBƏ

12 Baxış

Azərbaycan partizanlarının İkinci Dünya Müharibəsi illərindəki qəhrəmanlıqlarını sosioloq və fəlsəfə doktoru İlham Abbasov sayəsində daha çox öyrənirik. Axı soydaşlarımızın Avropadakı antifaşist Müqavimət Hərəkatında fəal iştirakına baxmayaraq, bu mövzuya lazımi diqqət verilmir. İ.Abbasov isə yeddinci ildir ki, tariximizin az bilinən səhifələrinin üstünü açır.

…23 fevral 1945-ci ildə İtaliyada Avropadakı partizan hərəkatının ən önəmli simalarından biri Aşur Əmirxanov həlak oldu (Azur Amerikanov kimi dəfn edilib). Ölümündən sonra 24 azərbaycanlıdan ibarət olan partizan dəstəsinə onun adı verilib, bu, o dövrdə çox nadir hal idi.

Media.Az A.Əmirxanovun ölümünün ildönümündə İlham Abbasovla söhbət edib.

Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi olan alim Azərbaycan partizanları haqqında monoqrafiyasını tamamlayır. O, Fransa, İtaliya, Sloveniya, Serbiya, Gürcüstan və təbii ki, Azərbaycan arxivlərində işləyərkən, Moskva və Ukrayna arxivlərinə sorğu göndərərkən bir çox maraqlı məlumatlar tapıb:

– İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pyaçentsa şəhəri yaxınlığında Məhərrəm Məmmədovun komandanlığı altında azərbaycanlıların dəstəsinin də tərkibinə daxil olduğu Kayo partizan briqadası fəaliyyət göstərirdi. Bu dəstənin əsgərlərindən biri Aşur Əmirxanov 23 fevral 1945-ci ildə Bettola yaşayış məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. O, partizanlar arasında Aşur Amerikanov kimi tanınırdı. Briqada komandiri partizan dəstələrindən birinə onun adını verdi. Bütün bir dəstənin Sovet partizanının adını alması çox nadir hal idi.

Bu, İtalyan müqavimətində üçüncü hal olub. Birinci hal Sovet İttifaqı Qəhrəmanı Fore Mosulişvilinin adı ilə bağlıdır. Onun adı italyan partizanları – qaribaldililərin 118-ci briqadasının batalyonuna verildi. İkincisi, Luka ləqəbli Yakov Qorev adına bir dəstədir. Üçüncüsü – Aşur Əmirxanovun adını daşıyır. Başqa belə faktlar qeydə alınmayıb.

Məmməd İbrahimov

Ənvər Şamilov

Ənvər Şamilov və Əli Əliyev

– Bu bölmə haqqında daha nə bilinir?

– 1944-cü ilin yayında onların hamısı partizanlara, ehtimal ki, Vermaxtın 314-cü Piyada Alayından qaçıblar. Onları dəstələrdə birləşdirirdilər. Azərbaycanlının bilə bir dəstənin komandiri olması çox nadir hal idi. Belə yalnız iki hal məlumdur – bunlar Məmmədov və mayor İbrahimovun komandanlığı altında olan dəstələrdir. Hər ikisi Pyaçentsa şəhəri yaxınlığında vuruşublar.

İtaliyanın Bettola şəhərinin azad edilməsi zamanı həlak olan Aşur Əmirxanov Azur Amerikanov kimi dəfn edilib. Gələcəkdə onun adı daha neçə cür (Aminarkov, Amerkonov və s.) çəkilib. Özüm təxminən səkkiz təhrif saymışam. İtalyan sənədlərinə görə, Əmirxanovun xidmət dövrü 1944-cü ilin iyulun 1-dən 1945-ci ilin fevralın 23-nə kimi davam edib.

– Harada dəfn olunduğunu bilirsinizmi?

– Təəssüf ki, Aşur Əmirxanovun qəbri itib. Məsələ burasındadır ki, XX əsrin 70-ci illərində Pyaçentsa vilayətində olan qəbirlər Turin şəhərindəki “Şöhrət meydanına” köçürülüb. Amma bu proses çərçivəsində dəfn olunanların məlumatları əks olunan lövhələr itirilib. Məsələn, adı bilinən şəxs yenidən dəfn edildikdə adsız olur və ya əksinə. İş o yerə çatdı ki, partizanlarla Vehrmaxta xidmət edənlər qarışıq salındı.

– Niyə Aşur Əmirxanovdan tarixi xatırlatma yoxdur?

– İtalyan tarixçilər müqavimət hərəkatının mövzusunu öyrənəndə tarixçilərimiz bu prosesə cəlb edilmədilər. Avropadakı azərbaycanlı partizanlar haqqında məlumatlar yalnız XXI əsrdə geniş yayılıb. Bizim bu barədə heç bir məlumatımız ola bilməzdi, çünki bu dəstə barədə nə kitablarda, nə dərsliklərdə, nə də monoqrafiyalarda bir dəfə də olsun danışılmayıb. 1975-ci ildə professor Qaraş Mədətov “Azərbaycan Böyük Vətən Müharibəsində 1941–1945” adlı iki cildlik böyük bir monoqrafiya nəşr etdirdi, burada İtaliyada vuruşan azərbaycanlı partizanlar haqqında məlumat səthi və çoxsaylı təhriflərlə təqdim edildi. Məsələn, orada Həmzə Əsgərovdan bəhs edilir. Ancaq düşünürəm ki, bu, əslində fəaliyyətlərini səhvən Həmzəyə bağlanan Aşur Əmirxanovdur. İtalyan arxivlərinə müraciət etdim, öyrənməyə çalışıram, amma hələ ki, təfərrüatlar yoxdur.

– Əmirxanov dəstəsindən partizanların qohumlarını tapa bildiniz?

– Bəli, məlum oldu ki, partizanların taleləri fərqli olub. Bəziləri müharibədə ölüb, biri İtaliyada qalıb, sonra Kanadaya köçüb.

Yeri gəlmişkən, həmkarım, Milli Elmlər Akademiyasının əməkdaşı, psixologiya elmləri doktoru, praktik psixoloq Svetlana Məcidovanın əmisinin İtaliyada, özü də bu bölmədə partizan olduğu təsadüfən ortaya çıxdı. Ancaq o, gənc yaşında ölüb, təəssüf ki, arxivdə tapılan bir fotoşəkil və italyan dilində bir sənəd xaricində ondan heç bir sənəd qalmayıb. Aşur Əmirxanovun dəstəsində vuruşan, ehtimal ki, Azərbaycanın bölgələrində, eləcə də Gürcüstanda döyüşmüş partizanların qohumlarını axtarmağa davam edirəm.

P.S. Yuxarıda göstərilən partizanlarla əlaqəli bir şey bilirsinizsə, [email protected] elektron poçt ünvanından İlham Abbasovla əlaqə qura bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.